İndoneziyanın Şərqi Yava əyalətində yerləşən Semeru vulkanı təxminən 700 metr hündürlüyə kül sütunu püskürüb.
Bu barədə “RCTI+” İndoneziya Geologiya Agentliyinə istinadən məlumat yayıb.
Püskürmə yerli vaxtla saat 17:40-da baş verib. Havaya qalxan külün rəngi ağdan boz rəngədək dəyişib, kül buludu şimal-şərq istiqamətində hərəkət edib.
Müşahidə dövründə – günorta saatlarından 18:00-dək vulkanoloqlar 78-182 saniyə davam edən 26 yeraltı təkan və üç kül püskürməsi qeydə alıblar. Semeru vulkanında təhlükə səviyyəsi üçüncü xəbərdarlıq səviyyəsində olaraq qalır.
Son bir həftə ərzində vulkanda 40 püskürmə baş verib. 2026-cı ilin əvvəlindən etibarən isə püskürmələrin sayı 1 794-ə çatıb. Bu göstərici Semerunu İndoneziyanın ən aktiv vulkanına çevirib.
Mənbə: bizim.media