Kürdə batan şəxsin yaxını: “Heç birindən xəbər yoxdur” - FOTOLAR

Kürdə batan şəxsin yaxını: “Heç birindən xəbər yoxdur” - FOTOLAR

Kür çayında iki nəfərin, 40 yaşlı Səfxan Yusifov və 26 yaşlı Ramin Sadıxbəylinin batması haqda xəbər vermişdik. Hava şəraitinin dumanlı, soyuq olmasına baxmayaraq həmin şəxslərin axtarışları davam etdirilir. Hadisə nəticəsində batdığı ehtimal edilən Mingəçevir sakini Səfxan Yusifovun yaşadığı ünvanda olduq.
Əmisi oğlu Qurbanəli Yusifov Yeniavaz.com-a danışarkən Səfxanın uzun illərdir qayıq idarə etdiyini və çox yaxşı üzmək bacarığı olduğunu deyib:
“Əmimoğlunu evdən axtarıblar, Ramini isə qarşılaycaq adamlar axtarıb. Görüblər ki, zəng çatmır. Hər kəsin ağlına bir şey gəlib - yəqin ki, yolda motor xarab olub, bunlar qalıblar. Arxalarınca başqa bir qayıq gedib, görüblər qayıq olduğu kimi qamışılıqda dayanıb. Motor öz başına sönüb təbii olaraq. Amma bunların heç birindən xəbər yoxdur. Sanki quş olub havaya uçublar. Axtarışlar gedir, axtrarırlar. Dalğıclar da gəldi. Dəqiq olduğu yer bəlli olmadığına görə çox narahatıq. Hadisənin harada baş verdiyi, suya necə düşdükləri dəqiq bəlli deyil. Çünki qayıqda heç bir zədə yoxdur. Hava şəriti və bu kimi şeylər təbii ki, onların tapılma ehtimalını çətinləşdirir”.
Qeyd edək ki, Kür çayında xüsusi qarmaqlar vasitəsilə kəşfiyyat işləri, sahil zolağında və çayətrafı ərazilərdə vizual baxış tədbirləri həyata keçirilib. Bu gün səhər saatlarından etibarən Kür çayında axtarış zonası daha da genişləndirilərək intensiv şəkildə davam etdirilir.
Kiçik Həcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə dövlət xidmətinin Daxili Su hövzələri üzrə şöbəsinin rəisi Rauf Məmmədov bildirib ki, hazırda sözügedən şəxslərin axtarışları davam edir.
Qeyd edək ki, Mingəçevir sakini Səfxan Yusifov 1980-ci il, yanvar ayının 19-da anadan olub. Ailəlidir, 3 övladı var.


Mənbə: www.yeniavaz.com