“Tik-Tok”dakı təhqir mübahisəyə səbəb oldu, yeniyetməyə ağır xəsarət yetirildi - HÖKM

“Tik-Tok”dakı təhqir mübahisəyə səbəb oldu, yeniyetməyə ağır xəsarət yetirildi - HÖKM

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Zabil Məcidov və Saqif Hətəmovun (hər ikisinin adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onların hər birinə şərti cəza verilib.

İttihama görə, hadisə 2025-ci il tarixdə saat 19:00 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Bülbülə gölü” adlanan ərazidə baş verib.

Belə ki, 2009-cu il təvəllüdlü Zabil Məcidov həmyaşıdı olan tanışı Saqif Hətəmovla qabaqcadan əlbir olaraq bir qrup şəxs halında hərəkət edib.

Hadisədən əvvəl istintaqa dəqiq məlum olmayan tarixdə Zabilin 8-ci sinif şagirdi olan qohumu 2009-cu il təvəllüdlü Tahir Yusifov (adı, soyadı şərtidir) tərəfindən “Tik-Tok” sosial şəbəkəsində nalayiq ifadə ilə təhqir olunub.

Bundan sonra Zabil zərərçəkmiş şəxsə irad tutaraq ondan yazdığı nalayiq ifadəyə görə üzr istəməsini tələb edib. Bu məsələ tərəflər arasında mübahisəyə səbəb olub.

Təqsirləndirilən şəxslər müdafiə etmək məqsədilə həmin mübahisəyə müdaxilə ediblər.

Bu zaman Zabil Tahirin çənə nahiyəsinə yumruqla qəsdən bir zərbə vurduğu, daha sonra onun ayaqlarından tutaraq güləş fəndi işlətməklə yerə yıxdığı bildirilir. Ardınca Saqif zərərçəkmiş şəxsin baş nahiyəsinə təpiklə zərbə vurub. Hadisə nəticəsində Tahirə müxtəlif xarakterli xəsarətlər yetirilib.

Beləliklə, ittiham tərəfinin mövqeyinə görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurublar.

Mənbə: pravda.az