Arzuları yarımçıq qalan 20 yaşlı nişanlı şəhidimiz Fərid Nadirov - FOTO

Arzuları yarımçıq qalan 20 yaşlı nişanlı şəhidimiz Fərid Nadirov -  FOTO

44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi zamanı xüsusi qəhrəmanlıq göstərən oğullarımızdan biri də Göyçay rayon sakini, şəhid Fərid Nadirovdur.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, Fərid Nadirov İlyas oğlu 21 sentyabr 2000-ci ildə rayonun Üngütlü kəndində dünyaya göz açıb. İlk orta məktəb təhsilini Göyçay şəhər 1 nömrəli məktəbində alıb. Daha sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinə daxil olub. 2019-cu ilin iyul ayının 3-də həqiqi hərbi xidmətə yola düşüb. 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Vətən müharibəsində torpaqlarımızın tam olaraq işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Keçirilən şiddətli döyüşlər zamanı 9 oktyabr tarixində Suqovuşan istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

O, nişanlı idi. Əsgərlik xidmətini tam olaraq bitirdikdən sonra geri qayıdınca toy etmək istəyirdi. Amma onun bu arzusu reallaşmayaraq yarımçıq qaldı. Valideynlərinin sözlərinə görə, onlar igid övladı ilə 2 ay müddətinə yaxın əlaqə saxlaya bilməyərək heç bir xəbər əldə edə bilməyiblər. Nəhayət ki, F.Nadirovun şəhidlik xəbəri onların ailəsinə verilib. Noyabrın 28-i şəhid Fəridin nəşi son dəfə olaraq doğulub boya-başa çatdığı kəndə gətirilib. Daha sonra isə Göyçay Şəhidlər Xiyabanına aparılaraq orada böyük izdiham ilə son mənzilə yola salınıb. Elə həmin gündən etibarən atası İlyas Nadirov hər gün xiyabana gələrək igid oğlunun məzarı önündə ziyarət edir.

Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən döyüşlər zamanı qəhrəmanlıq və böyük şücaətlər göstərdiyi üçün "Vətən uğrunda" medalı ilə təltif olunub.

Allah rəhmət etsin!

 

 

Mənbə: metbuat.az