Goranboyda vətəndaşlarla təhsil sektorunun əməkdaşı arasında yaşanan insidentlə bağlı təfərrüat məlum olub.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Raminə Məmmədova hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd olunub ki, insidentlə bağlı yayılan videonun sadəcə sonluğu ictimaiyyətə təqdim olunub:
“Çox təəssüf ki, ictimaiyyətə təqdim olunan həmin videoda hadisənin yalnız sonluğu göstərilir. Reallıq isə budur ki, videonun kəsilmiş hissəsində vətəndaş dövlət məmuruna qarşı son dərəcə aqressiv davranıb, nalayiq ifadələr işlədərək açıq şəkildə təxribat törədib. Seymur müəllim isə məhz bu dözülməz təzyiq və təhqirlər qarşısında emosional reaksiya vermək məcburiyyətində qalıb.
Unutmaq olmaz ki, dövlət məmuru da bir insandır, onun da ləyaqəti, hisləri və səbir həddi var. Ümid edirəm ki, dövlət müəssisələrində çalışan şəxslərə qarşı bu cür əsassız aqressiya və qərəzli davranışların qarşısı qətiyyətlə alınacaq və bənzər hadisələr bir daha təkrarlanmayacaq”, – paylaşımda bildirilib.
Qeyd edək ki, hadisə Goranboy şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbdə bəzi siniflərin ikinci növbəyə keçirilməsi ilə bağlı bir qrup valideynin vətəndaş qəbulu zamanı növbədənkənar qəbul otağına daxil olması zamanı baş verib.
Mənbə: www.bakupost.az