Cəmiyyətdə məktəbli formalarının əvvəlki illərlə müqayisədə keyfiyyətsiz olduğu ilə bağlı müzakirələr davam edir. Bəzi valideynlər iddia edirlər ki, bir neçə il öncə övladları bir formanı 2-3 tədris ili geyinə bilirdisə, indi isə bu mümkün deyil. Çünki formalar daha tez sıradan çxıır.
Məsələ barədə danışan “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov deyib ki, keyfiyyətsiz məktəbli formaları onların istehsalı deyil.
Onun sözlərinə görə, bazarda məktəbli formalarının keyfiyyəsiz parçalardan hazırlanmış növləri də mövcuddur:
“Bazarda təkcə fabrik istehsalı olan məktəbli formaları deyil, kilo ilə alınmış, zirzəmi şəraitində, keyfiyyətsiz parçalardan tikilmiş məktbəli formaları da var. 3-5 manata 100 faiz pambıq parçadan köynək olar?! Valideyn əgər 3-5 manata məktəbli forması alırsa, əvvəldən bilir ki, o paltarın ömrü uzun olmayacaq, bir dəfə paltaryuyan maşına atan kimi əski parçasına dönəcək. Onlar məktəb formalarına qoyulan tələblərin heç birinə cavab vermirlər və sertifikatları yoxdur”.
O, BTE-nin tikdiyi məktəbli formalarının pambıq və yun parçalardan hazırlandığını vurğulayıb:
“Nazirlər Kabinetinin müvafiq qərarına görə, məktəbli formalarını təşkil edən şalvar, ətək və jaketlərin 60 faizi yun, 40 faizi isə polyester parçadan tikilməlidir. Polo köynəklər isə 100 faiz pambıq parçadan istehsal olunmalıdır. Biz bu materialları Belarus, Türkiyə və Özbəkistandan alırıq. Əsasən, köynəklərin materialı Özbəkistandan alınır. Bizim satış mərkəzlərində satılan bütün məktəbli formalarına minimum bir il zəmanət veririk. Amma kimsə istəyir ki, bu formaları 3 il, 5 il geyinsin, bu, mümkün deyil.
Çünki pambıq parçadan hazırlanmış paltarı bir, ən yaxşı halda iki il geyinmək mümkündür. Süni parçalar aşınmadığı üçün çox geyinmək olar, amma bu onun keyfiyyətli olması demək deyil. Məktəb mövsümünün əsas hissəsi qış aylarına təsadüf edir. Ona görə də geyimlər yun parçadan olur. Biz Nazirlər Kabinetinin qaydalarına tam şəkildə əməl edərək formaların istehsalını həyata keçiririk”.
BTE-nin nümayəndəsi qeyd edib ki, formalar ehtiyac olduqca tikilir və satılır:
“Hələki bu mövsümdə nə qədər forma satdığımızı dəqiqləşdirməmişik. 8 satış məntəqəmiz var, hər birində eyni mal və qiymət tətbiq olunur. Hamısında bütün ölçülərdə (26-54) formalar mövcuddur. Bizim qaynar xəttimizə gələn müraciətlərin əksəriyyəti razılıqla bağlıdır. Hətta lazım olar deyə 56-60 ölçüdə də şalvar və ətəklər tikmişik, bunların isə qiyməti parça sərfiyyyatına görə, 5 manatdır”.
Hazırda Bakı Tikiş Evinin satış məntəqələrində alıcılara təklif edilən məktəbli formalarının qiymətlərinə gəldikdə isə təmsilçi ətək və şalvarların 15, jaketlərin 20-22, qısaqol köynəklərin 12, uzunqol köynəklərin isə 14 manata satıldığını bildirib.
Mənbə: bizim.media