"AJet" aviaşirkətinin London-İstanbul reysində sərxoş olduğu bildirilən sərnişin stüardessanı və yanında əyləşən qadını dişləyib.
Hadisədən sonra Sabiha Gökçən Hava Limanında polis tərəfindən saxlanılan şəxs "AJet"in qara siyahısına salınaraq aviaşirkətin uçuşlarından kənarlaşdırılıb.
İnsident "AJet"in London Stensted Hava Limanından İstanbul Sabiha Gökçən Hava Limanına həyata keçirdiyi VF-1990 reys saylı uçuşu zamanı baş verib.
İddiaya görə, sərnişin uçuş zamanı yanında oturan qadına narahatlıq yaratmağa başlayıb. Zərərçəkən qadın vəziyyətlə bağlı kabin heyətinə məlumat verib.
Stüardessa şikayət əsasında həmin şəxsə xəbərdarlıq edərək hərəkətlərini dayandırmasını tələb edib. Lakin xəbərdarlıqlara məhəl qoymayan sərnişin həm stüardessaya, həm də yanında əyləşən qadına hücum edərək onları dişləyib.
Baş verənlərdən sonra təyyarənin kapitanı Sabiha Gökçən Hava Limanının Hava Hərəkətini İdarəetmə Mərkəzi ilə əlaqə saxlayaraq insident barədə məlumat verib. O, təyyarə eniş etdikdən sonra hüquq-mühafizə orqanlarının təyyarəyə yaxınlaşmasını xahiş edib.
Təyyarə Sabiha Gökçən Hava Limanına təhlükəsiz eniş edib. Hadisəni törədən sərnişin polis əməkdaşları tərəfindən saxlanılıb.
"AJet" aviaşirkətinin yaydığı açıqlamada hücuma məruz qalan stüardessa və sərnişinin həmin şəxsdən rəsmi şikayətçi olduqları bildirilib:
"Hücuma məruz qalan sərnişinimiz və əməkdaşımız təcavüzkardan şikayətçidir. Şirkətimizin uçuş təhlükəsizliyi siyasətinə uyğun olaraq, həmin sərnişin qara siyahıya salınıb və aviaşirkətimizin bütün uçuşlarından kənarlaşdırılıb".
Mənbə: musavat.com