Hörmüzdə gərginlik pik həddə: Daha bir tankerə HÜCUM EDİLDİ

Hörmüzdə gərginlik pik həddə: Daha bir tankerə HÜCUM EDİLDİ

Qətərin şimal sahilləri yaxınlığında neft tankerinə hücum edilib. Hadisə İranın Hörmüz boğazından keçən və Tehranın qanunsuz hesab etdiyi marşrutların bağlanacağı ilə bağlı açıqlamasından sonra baş verib.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin məlumatına görə, tankerə bir neçə mərmi ilə zərbə endirilib. Hadisə Fars körfəzində, Hörmüz boğazından təxminən 500 kilometr qərbdə qeydə alınıb.

Dəniz təhlükəsizliyi üzrə şirkətlərin məlumatına əsasən, oktyabrın 5-də başa çatan həftə ərzində Hörmüz boğazı ətrafında neft, mayeləşdirilmiş təbii qaz və digər enerji məhsulları daşıyan tankerlərə ən azı 12 hücum həyata keçirilib. Bununla da bölgədə gəmilərə qarşı hücumların intensivliyi müharibənin başlanmasından bəri həftəlik ən yüksək həddə çatıb.

Hindistan Xarici İşlər Nazirliyi də daha əvvəl Panama bayrağı altında üzən neft tankerinə hücum nəticəsində 12 ekipaj üzvünün yaralandığını açıqlayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərlik etdiyi Birgə Dəniz İnformasiya Mərkəzi isə boğazda hücum, hücum cəhdləri, təqib, pilotsuz uçuş aparatlarının istifadəsi və İran İnqilab Keşikçiləri Korpusunun müşahidələrinin davam etdiyini bildirib.

İran tərəfi isə Hörmüz boğazına nəzarətin tamamilə özündə olduğunu açıqlayıb. İnqilab Keşikçiləri Korpusunun komandanının müşaviri Məhəmmədrza Nəqdi bəzi tranzit marşrutlarının yaxın zamanda bağlanacağını deyib.

ABŞ dövlət katibi Marko Rubio isə İranın boğaz üzərində tam nəzarəti itirdiyini bildirib. Onun sözlərinə görə, hazırda boğazdan münaqişədən əvvəlki dövrlə müqayisə edilə biləcək həcmdə neft daşınır.

Bölgədəki ziddiyyətli açıqlamalar və enerji təchizatına dair narahatlıqlar fonunda dünya bazarında neftin qiyməti yüksəlib. "Brent" markalı neftin bir barelinin qiyməti 100 dolları keçib.

Mənbə: publika.az