Məhkəmə oğlunun ölümünə görə mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar çıxardı

Məhkəmə oğlunun ölümünə görə mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar çıxardı

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq və soyuq silah gəzdirmədə təqsirləndirilən Etibar Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilib. Onun 5 il müddətə azadlıqdan məhrumetmə cəzası 6 ay azaldılaraq 4 il 6 aya endirilib.
Qeyd: Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyadan istifadə etməklə xuliqanlıq) və 228.5-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham elan olunub.
İttihama görə, hadisə 2025-ci il 27 avqust tarixində Gəncə şəhərinin Natəvan qəsəbəsində yerləşən tərxun istixanasının qarşısında baş verib.
Belə ki, Etibar Məmmədov bir müddət əvvəl qəsdən öldürülən oğlu Tunar Məmmədovun ölümünə görə həmin istixana ilə əlaqəli şəxsləri məsul hesab edib və hadisə günü istixanaya gələrək orada çalışan günəmuzd fəhlələrə işlərini dayandırmağı tövsiyə edib. O, fəhlələrə “burada işləməyin”, “istixana müflis olmalıdır” kimi ifadələr işlədərək onları iş yerini tərk etməyə çağırıb.
Bu zaman istixananın mühafizəçisi olan qonşusu, zərərçəkmiş Ziya Cəfərov ona yaxınlaşaraq bu tələblərin qanunsuz olduğunu bildirib. Bundan sonra tərəflər arasında əvvəllər mövcud olmuş gərginliyin davamı olaraq mübahisə yaranıb.
Mübahisə qısa müddətdə dava-dalaşa çevrilib. Etibar Məmmədov üzərində gəzdirdiyi iki müxtəlif bıçaqdan istifadə edərək zərərçəkmişə iki zərbə endirib.
Məhkəmə sənədlərinə görə, zərbələrdən biri qarın boşluğuna keçərək diafraqmanı zədələyib, digər zərbə isə döş qəfəsinin sağ hissəsinə nüfuz edib. Hər iki xəsarət həyat üçün təhlükəli ağır bədən xəsarəti kimi qiymətləndirilib.
Məhkəmədə ifadə verən Etibar Məmmədov özünü ittiham üzrə qismən təqsirli bildiyini deyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdi.

Mənbə: pravda.az