Omanın Sohar limanı yaxınlığında “MT Petro Dolphin” tankerinə pilotsuz uçuş aparatı ilə hücum edilib. Hadisə nəticəsində iki hindistanlı dənizçi itkin düşüb, doqquz nəfər isə xilas edilib.
Bu barədə Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval məlumat yayıb.
Nazirin sözlərinə görə, hücum zamanı gəminin göyərtəsində ümumilikdə 11 nəfər olub.
“Hazırda iki Hindistan vətəndaşı itkin düşmüş hesab olunur”, – Sonoval bildirib.
O qeyd edib ki, Oman Sahil Mühafizəsi Xidməti itkin düşən dənizçilərin tapılması üçün axtarış-xilasetmə əməliyyatı həyata keçirir.
“İtkin düşən dənizçilərin axtarışına kömək göstərmək məqsədilə müvafiq qurumlarla fəaliyyətimizi əlaqələndiririk”, – nazir vurğulayıb.
Sonoval tankerin hansı ölkənin bayrağı altında üzdüyünü açıqlamayıb.
Mənbə: apa.az