Heyvanları zəhərləyib fələstinliləri günahlandırmaq istədi - Planı ifşa oldu

Heyvanları zəhərləyib fələstinliləri günahlandırmaq istədi -

İşğal altındakı İordan çayının qərb sahilində israillinin heyvanları zəhərləyərək fələstinlilərə qarşı hücumlara bəhanə yaratmağa çalışdığı iddia edilir.

Ramallah yaxınlığındakı əl-Muğəyyir kəndində çəkilən görüntülərdə maskalı şəxsin heyvanlara naməlum maddə verdiyi, daha sonra isə onların tələf olduğu görünür. Hadisə yerində İsrail hərbçilərinin də olduğu diqqət çəkir.

Məlumata görə, görüntülər israilli Elisha Yeredin sosial şəbəkədə paylaşdığı, çoxsaylı tələf olmuş heyvanların əks olunduğu videoda yer alıb. Sosial media istifadəçiləri onun heyvanların ölümünə görə fələstinliləri günahlandırmağa çalışdığını iddia ediblər.

Hadisə ilə bağlı İsrail ordusu və polisindən rəsmi açıqlama verilməyib. İddialar müstəqil şəkildə təsdiqlənməyib.

Qeyd edək ki, hadisə Qərb sahilində fələstinli fermerlərin zeytun yığımı mövsümünə təsadüf edir. Fələstin tərəfinin məlumatlarına görə, 2026-cı ilin ilk yarısında bölgədə 45 mindən çox ağac israilli məskunlaşanlar və İsrail qüvvələri tərəfindən kəsilib və ya zədələnib.

Mənbə: publika.az