Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb.
Bu barədə fotojurnalist AZƏRTAC-a özü məlumat verib.
“Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm”, - deyə Reza Deqati bildirib.
İndiyədək belə miqyasda iğtişaşın şahidi olmadığını diqqətə çatdıran R.Deqati əlavə edib:
“Məşhur brend mağazaları da talan olundu. İdman geyimləri və ləvazimatları satılan mağazada demək olar heç nə qalmamışdı. Ətrafdakı digər obyektlərə də ziyan vurulmuşdu. Fransa cəmiyyəti hökumətdən bu halların qarşısının alınmasını tələb edir. İnsanlar hadisələrdə iştirak edən şəxslərin müəyyənləşdirilməsini və qanun qarşısında cavab verməsini istəyirlər.
İğtişaşlarda iştirak edənlərin bir qisminin 18 yaşına çatmadığı bildirilirdi. Bu səbəbdən yetkinlik yaşına çatmayan şəxslərin məsuliyyəti məsələsi də müzakirə olunur. Eyni zamanda, dağıntılar nəticəsində dəymiş ziyanın hesablanması və onun təqsiri olan şəxslərə ödətdirilməsi ilə bağlı tədbirlərin görülməsi də gündəmdədir”.
Mənbə: bizim.media