“Uşaqlar içəridədir, çıxsınlar, onlarla işləyəcəm”

“Uşaqlar içəridədir, çıxsınlar, onlarla işləyəcəm”

5-6 il öncəydi, avtomobil yuma sexində (Bakı dilində desək, moykada) çalışan bir yeniyətmə ilə maraqlı söhbətim oldu. Onun 16 yaşı vardı, ağzı-burnu dələngəvaz, gözü-başı qaynaşan bir yeniyetməydi. Oğlan mənə dedi ki, əmi, yarım saatlıq işim var, sən o vaxta qədər çayçıda çay içə bilərsən. Amma mən onun əlindən hər cür şərəşur iş gələ biləcəyindən quşqulanaraq dedim ki, yox, elə buradayam, sən işini gör.

Arada ondan təhsilini-filanı xəbər aldım. Məlum oldu ki, oxumağın daşını çoxdan atıb. Bir sənət, bir peşə öyrənib-öyrənmədiyini soruşdum, dedim, həmişə yuyucu olmayacaqsan ki. Yeniyetmənin gələcək planlarının daha olduğu aydın oldu. O, utanıb-eləmədən dedi ki, özündən böyük məhəllə uşaqları var, hazırda içəridədirlər, çıxsınlar, onlarla oturub-duracaq. “Yəni, onlarla nə edəcəksən?” Dedi: “Axırıncı dəfə bir evdən 100 min aparmışdılar, 1 il kef elədilər, sonra bir suka onları satdı, tutuldular”.

Anlaşıldı ki, bu 16 yaşlı yeniyetmə gələcəkdə kriminal aləmdə karyera qurmaq niyyətindədir, hələlik müvəqqəti olaraq maşın yuyub pul qazanır. “Uşaqlar içəridən çıxanda” isə onlara qoşulacaq, “ev aparmaq” üzrə ixtisaslaşacaq.

Doğrusu, bu qafada olan yeniyetməyə hər hansı bir öyüd-nəsihətin kar etməyəcəyini bilə-bilə dedim ki, bilirsənmi, axırda sən də içəri düşəcəksən. Oğlan bir az da qürur duya-duya dedi: “Olsun dəə. Türmə kişi üçündür”.

Vəssalam. Sonralar onu bir daha görmədim. Ola bilər, içəridədir artıq. Ya da ağlı başına gəlib, gedib bir təhlükəsiz işin qulpundan yapışıb, başını dolandırır.

Hər dəfə ölkədə qalmaqallı bir kriminal hadisə olanda yadımıza düşür ki, aramızda xeyli bu cür gənc var – təhsil sıfır, gələcəyə baxış – məchul, düşüncə - “kimi soyaq, kimə ataq, kimi vuraq”, perspektiv – dörd divarın arası.

Təsəvvür edin ki, ölkədə minlərlə gənc hər səhər evdən çıxanda “hər ehtimala qarşı” cibinə bıçaq qoyub çıxır. Arxa küçələrin, məhəllələrin çayxanalarında oturub söhbətləşən minlərlə gəncin mövzusu kriminal motivli olur, nəşələnir, meyxanaya qulaq asır, öz aləmlərində cavanlıq edirlər.

Onların başqa dünyaları var və təşər-təşər onu “bizim aləm” adlandırırlar. Bu aləmdə “yaxşı oğlan” və “pis oğlan” olmağın xüsusi kriteriyaları var. Onlar öz aralarındakı mübahisələri “oğru məcəlləsi”nin müddəalarına əsasən həll edirlər. Hərdən, adını “razborka” qoyduqları ayırdetmə proseduru keçirir, polemikaya girirlər, amma bu “polemika”nın axırı çox vaxt bıçaqlaşma ilə bitir.

Yaşlı adamlar bu barədə danışanda adətən deyirlər ki, bizim vaxtımızda belə deyildi. Amma detektiv yazıçı Cəmşid Əmirovun ötən əsrin 60-70-ci illərində yazdığı “Qara Volqa”, “Brilyant məsələsi” romanlarını yada salanda məlum olur ki, o vaxtlar da paytaxtda at oynadan kriminal ünsürlər və qruplar olub. Cəmşid müəllim bəhs etdiyi əsərləri heç də özündən uydurmamışdı, həyatdan götürmüşdü. “Pəncəli Aslan” da, “Tapança Yadulla” da, Yaşa da, o birilər də, hamısı real adamlar olub.

Ancaq o da faktdır ki, son 10-15 ildə kriminal həyata meyl birə-beş artıb. Küçədə, ictimai yerlərdə eyzən türmə jarqonları eşidərsən. Arada adam elə bilir ki, özü “zon”dadır.

Belə bir fikir də var ki, gənclərin başını “Kurtlar vadisi” kimi seriallar xarab eləyib. Gənclər kütləvi şəkildə elə seriallara baxdı və özlərini o ekran əsərlərindəki “yaxşı banditlər”ə oxşatmağa başladılar. Gerçəkdən də bir ara şəhərin çayxanaları qrup halında gəzən “Polad, Memati, Abdulhey”lərlə dolmuşdu. Sonra bəziləri qulaqlarının dibinə aldıqları ilk şapalaqdan sonra anladılar ki, bu vadilərdə “Memati” olmaq çətindir, adamı çöməltmə oturdub “dra-dra” dedirdilər.

Hazırda heç kim bilmir ki, bu işlərin axırı necə olacaq. Nə də indi Jukovun vaxtı deyil ki, müharibədən sonra Odessanın gerçək sahibinə çevrilmiş bandaları bildiyi kimi zərərsizləşdirsin. Dünya birliyi nə deyər?

Bu xüsusda keçən ilin martında Filippinin eks-prezidenti Rodriqo Dutertenin başına ibrətamiz hadisə gəlib. Onu Manila aeroportunda həbs ediblər və narkotik qaçaqmalçılığına qarşı mübarizədə insanlığa qarşı cinayətlər törətməkdə ittiham edirlər. Doğrudan da Duterte prezident olarkən ölkə gəncliyini narkotik maddələrlə zəhərləyən minlərlə narkotaciri məhkəməsiz-filansız güllələtdirib. İndi eks-prezident özünə haqq qazandıraraq deyir ki, bəs nə edəydim, onlar xalqımızın gələcəyini məhv edirdilər, mən də onları zərərsizləşdirdim. Ona deyirlər, adamları tutdurub məhkəmə önünə çıxara bilərdin. O da deyir, gec olardı, üstəlik, yatıb-çıxacaq, yenə narkotik satacaqdılar.

Bizdə isə 3-5 il əvvəl saytlar narkotacirlərin vinyetkasını (eyni anda 30-40 şəkil) dərc edirdilər. Sonrası nə oldu, bilinmədi. Böyük ehtimalla hamısı artıq azadlıqdadır və çayxanalarda görüşür, gələcək plan və layihələrini müzakirə edir, ətraflarına gənclər yığırlar.

**

Dünya köhnə dünyadır, “tapança yadulla”ları təzədir.

Samir Sarı

Mənbə: musavat.com