Nümayişçilərdən ibarət kütlə Belqradda yerləşən "Informer" TV-nin binasına daxil olaraq obyekti dağıdıb və baş redaktora xəsarət yetirib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı telekanalın özü yayıb.
Məlumata görə, qəzəbli insanlar bir saat ərzində bina qarşısında iğtişaşlar törədib, pəncərələri sındırıb və giriş qapısını qırıblar. Daha sonra onlar redaksiyaya soxularaq otaqları darmadağın edib və baş redaktor Draqan Vuçiçeviçə hücum çəkiblər. Telekanalın əməkdaşları sanitar qovşaqlarında və binanın zirzəmisində gizlənməyə məcbur olublar. Bir müddət sonra hadisə yerinə cəlb edilən polislər bütün işçiləri və etirazçıları binadan çıxarıblar.
Qeyd edək ki, Serbiyada keçirilən növbədənkənar parlament seçkisində "Tələbə siyahısı"nın qələbəsi münasibətilə birliyin minlərlə tərəfdarı Belqradın mərkəzindəki Slaviya meydanında bayram mitinqinə toplaşıb. Oktyabrın 25-də ölkədə parlamentə növbədənkənar seçki keçirilib. Məntəqələrin 97.6%-dən alınan səslərin sayılması nəticələrinə əsasən, "Tələbə siyahısı" 52.71%, sabiq prezident Aleksandar Vuçiçin rəhbərlik etdiyi "Birləşmiş Serbiya" adlı siyasi təşkilat isə 39.17% səs toplayır. Vuçiç seçkidə məğlubiyyətini qəbul edib.
Mənbə: oxu.az