Tarixin ən böyük qarəti ötən gün baş verib - 6,3 milyard dollar

Tarixin ən böyük qarəti ötən gün baş verib -

Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance genişmiqyaslı haker hücumuna məruz qalıb.

BBC-yə istinadən verilən məlumata görə, oktyabrın 29-da baş verən kiberhücum nəticəsində ilkin hesablamalara əsasən, 6,3 milyard dollar dəyərində kriptoaktivə zərər dəyib.

Şirkətin açıqlamasına əsasən, blokçeyn tərəfdaşları ilə əməkdaşlıq nəticəsində təxminən 3 milyard dollar dəyərində aktivin dondurulmasına nail olunub.

Hadisədən sonra platformada vəsaitlərin yatırılması və çıxarılması əməliyyatları müvəqqəti dayandırılıb. Daha sonra depozit əməliyyatları bərpa edilsə də, vəsaitlərin çıxarılmasına tətbiq olunan məhdudiyyətlərin təhlükəsizlik yoxlamaları başa çatanadək qüvvədə qalacağı bildirilib.

İlkin ehtimallara görə, hücum şirkətin mühəndislərindən birinin kompüterinin ələ keçirilməsi nəticəsində baş verə bilər. Bu yolla hakerlərin daxili xidmətlərdən birinə giriş əldə etdiyi güman olunur.

Binance nümayəndələri kriptovalyuta pulqabılarının məxfi açarlarının sızmasına dair sübut aşkarlanmadığını bildiriblər. Şirkət araşdırma başa çatdıqdan sonra hadisənin texniki təfərrüatlarını açıqlayacağını və istifadəçilərin itkilərinin kompensasiya ediləcəyini vəd edib.

Kiberhücum kriptovalyuta bazarında da qiymətlərin enməsi ilə müşayiət olunub. Məlumata görə, bitkoinin qiyməti təxminən 4,5 faiz azalaraq 76 368 dollara düşüb. Ethereum 5,2 faiz, BNB isə 4,7 faizdən çox ucuzlaşıb.

TRM Labs şirkətinin analitikləri hücumun Şimali Koreya ilə əlaqəli haker qrupu tərəfindən həyata keçirilmiş ola biləcəyini ehtimal edirlər. Bununla belə, hücumu törədənlərin kimliyi hələlik qəti müəyyənləşdirilməyib.

Qeyd edək ki, 2025-ci ilin fevralında Bybit kriptovalyuta platformasından təxminən 1,5 milyard dollar dəyərində aktiv oğurlanmışdı. Binance ilə bağlı açıqlanan məbləğ təsdiqlənərsə, hadisə kriptovalyuta sektorunda, ümumiyyətlə dünya tarixində ən böyük qarət hesab oluna bilər.

Mənbə: az.trend.az