Dünyanı panikaya salan “3 günlük plan” – Pərdəarxası məqamlar üzə çıxdı

Dünyanı panikaya salan “3 günlük plan” –

Son günlər dünyanın bir sıra aparıcı ölkələrində vətəndaşlara mümkün fövqəladə vəziyyətlərə hazır olmaq çağırışları edilir. İnsanlara evlərində ən azı üç gün kifayət edəcək ərzaq və su ehtiyatı saxlamaq, nağd pul, fənər, radio və enerji yığan cihazlar hazırlamaq tövsiyə olunur. Böyük Briyaniya, ABŞ və Yaponiyanın ard-arda bu cür xəbərdarlıqlar yayması diqqət çəkir.

Dünyada artan geosiyasi gərginlik, müharibə riskləri və mümkün kiberhücumlar fonunda hökumətlərin bu çağırışları nə dərəcədə real təhlükələrə əsaslanır? Bu, mümkün böhranlara hazırlıqdır, yoxsa cəmiyyətdə təhlükə gözləntisi formalaşdıraraq hərbi xərclərin artırılmasına dəstək qazanmaq cəhdidir?

Təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl deyib ki, dünya nizamı artıq altı ildən çoxdur pozulub və son günlər vəziyyət kritik həddə çatmaq üzrədir:

“Bu da, xüsusilə noyabr ayında keçiriləcək aralıq seçkilərindən sonra ABŞ-ın İrana mümkün hücumu ilə bağlı ehtimalları artırır. Lakin əsas sual budur ki, belə bir hücum baş verərsə, proses yalnız İranla məhdudlaşacaqmı? Tehranln da cavab vermək imkanları var və bunun əsasən Körfəz ölkələrinə və İsrailə yönəlməsi mümkündür. Bu isə kifayət qədər çox ölkənin prosesə cəlb olunmasına səbəb ola bilər. Belə bir ərəfədə Rusiya Prezidenti Vladimir Putinin tez-tez Avropa ilə müharibə etmək niyyətində olmadıqlarını, lakin belə bir müharibə baş verərsə, qalibin olmayacağını bildirməsi də, ümumi gərginliyi artıran amillərdəndir. Bu cür bəyanatlar vəziyyəti alovlandıra biləcək zəmin yaradır”.

IMG 8517

İlham İsmayıl

İ.İsmayıl hesab edir ki, bəzi hallarda bu açıqlamalar psixoloji təsir məqsədi daşıyır:

“Yəni qarşı tərəflərə və bütövlükdə dünyaya böyük gərginliyin yarana biləcəyini göstərmək cəhdi kimi qiymətləndirilə bilər. Məhz buna görə də bəzi ölkələr öz əhalisini mümkün təhlükələr barədə xəbərdar edir. Lakin dediyim kimi, hazırda bu xəbərdarlıqların arxasında çox ciddi və birbaşa təhlükənin dayandığını söyləmək çətindir”.

İlham İsmayılın fikrincə, burada hərbi xərclərin artırılması amili də müəyyən rol oynaya bilər:

“Əsas məsələ dünya siyasətində mövcud vəziyyətin kritik həddə çatmasıdır. Bu gərginliyin başlıca səbəbləri sırasında ABŞ-ın aralıq seçkilərindən sonra İrana mümkün hücumu, Rusiya ilə Avropa arasında Ukrayna müharibəsi ilə məhdudlaşmaya biləcək qarşıdurma ehtimalı, eləcə də gələcəkdə belə bir prosesə Çinin qoşulub-qoşulmayacağı məsələsi dayanır. Ona görə də hesab edirəm ki, bəzi ölkələrin əhalisini fövqəladə vəziyyətlərə hazırlamaq çağırışları müəyyən mənada çəkindirici faktor rolunu oynaya bilər. Lakin bu xəbərdarlıqların real və yaxın təhlükəyə əsaslanması ehtimalı, məncə, kifayət qədər aşağıdır”.

Zaira Akifqızı

Mənbə: globalinfo.az