Kanadanın Sakit okean sahilində yerləşən Britaniya Kolumbiyası əyalətinin Bella Coola bölgəsində ana və qızının ölümü ilə bağlı araşdırmalar davam edir. Britaniya Kolumbiyası Vəhşi Təbiəti Mühafizə Xidmətinin rəsmiləri hücumda bir neçə boz ayının iştirak etmiş ola biləcəyini bildiriblər.
Musavat.com xəbər verir ki, qurumun müfəttişlərindən Ceff Tayr yayımladığı videomüraciətində Kanada Kral Atlı Polisi və təbiəti mühafizə əməkdaşlarının apardığı axtarışlar zamanı ikinci meyitin də tapıldığını açıqlayıb.
Tayr hadisədə birdən çox ayının iştirak edib-etmədiyinin hələ dəqiqləşmədiyini, bölgədə tutulan bütün ayıların araşdırılacağını bildirib.
İncəsənət terapevti Cennı Balkarras və onun 20 yaşlı qızı Selah Ridin ailə üzvləri bazar günü onların itkin düşməsi barədə məlumat veriblər.
Ailə yaxınlarından Meri Melissa Smit Balkarrasın həyatında yeni səhifə açmaq məqsədilə qısa müddət əvvəl Bella Coolaya köçdüyünü deyib. Həlak olan Balkarrasın geridə üç yetkin övlad və bir nəvə qoyduğu bildirilib.
Orta Sahil Müəllimlər Assosiasiyası da sosial şəbəkələrdə yaydığı açıqlamada Balkarrasın avqust ayında məktəb icmasına məsləhətçi kimi qoşulduğunu, şagirdlərin rifahı üçün müəllimlər və digər əməkdaşlarla sıx əməkdaşlıq etdiyini qeyd edib.
Müfəttiş Tayr hücumda iştirak edən ayıların tutulması istiqamətində əməliyyatların davam etdiyini bildirib. O, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əyalət qaydalarına uyğun olaraq tutulan heyvanların məhv ediləcəyini açıqlayıb.
Hadisə eyni bölgədə təxminən bir il əvvəl 20 ibtidai sinif şagirdi və müəllimdən ibarət qrupa boz ayının hücum etməsindən sonra baş verib. Ötən ilin noyabrında qeydə alınan və bir böyük, üç uşaq olmaqla dörd nəfərin ağır yaralanmasına səbəb olan hücumun iştirakçısı olan ayı həmin vaxt tutula bilməmişdi.
Kalgari şəhərində fəaliyyət göstərən ayı təhlükəsizliyi üzrə mütəxəssis Kim Tiçener sosial şəbəkələrdə itkin düşmə ilə bağlı paylaşımları gördükdə bölgənin xüsusiyyətlərini nəzərə alaraq ayı hücumundan narahat olduğunu bildirib.
Bella Coolanın çoxsaylı boz və qara ayı populyasiyası ilə tanındığını deyən Tiçener yerli sakinlərin evlərinin yaxınlığında ayı görməsinin adi hal olduğunu vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, yaşayış mühitlərinin məhv olması, quraqlıq və iqlim dəyişikliyinin yaratdığı qida çatışmazlığı Britaniya Kolumbiyasında ayı populyasiyasına ciddi təzyiq göstərir. Bu amillər insanların ayılarla daha tez-tez qarşılaşmasına səbəb olur.
Rəsmilər hücumun baş verdiyi Snootka cığır sisteminin qərb hissəsindən insanların uzaq durmalı olduğunu vurğulayıblar. Həmçinin bölgə sakinləri və Nuksalk qəbiləsi ilə əlaqələrin davam etdirildiyi bildirilib.

Mənbə: musavat.com