Türkiyə və İran sərhəddə türkiyəli hərbi qulluqçunun həlak olması ilə bağlı araşdırmalara başlayıb. Mövcud məlumatlara görə, atəşin İran tərəfindən açıldığı ehtimal edilir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən "Turkiye Today" nəşri məlumat yayıb.
Faciəvi hadisə oktyabrın 31-də Türkiyənin cənub-şərqində yerləşən Hakkari əyalətinin Yüksəkova rayonunda baş verib. 7-ci sərhəd briqadasının hərbi qulluqçuları sərhədi qanunsuz keçmə cəhdinə reaksiya verərkən atəşə tutulublar.
Nəticədə əsgər Yusuf Sait Yünlü ağır yaralanıb və dərhal helikopterlə Hakkari Dövlət Xəstəxanasına təxliyə edilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Həlak olan hərbçi doğulduğu Aydın əyalətinin Çine şəhərində dəfn olunub.
Hadisədən dərhal sonra Türkiyə tərəfi məhkəmə və inzibati araşdırmalara başlayıb:
Noyabrın 3-də Türkiyə nümayəndələri iranlı rəsmilərlə birbaşa insidentin baş verdiyi sərhəd ərazisində görüşüblər.
Türkiyə Milli Müdafiə Nazirliyinin bildirdiyinə görə, İran hakimiyyəti də hərbçinin ölüm şəraitini müəyyənləşdirmək üçün öz daxili araşdırmasına başlayıb.
Türkiyə Müdafiə Nazirliyindən vurğulanıb ki, hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması istiqamətində işlər İran tərəfi ilə sıx koordinasiya şəraitində davam etdirilir./Bizim.Media
Mənbə: yenisabah.az