XOCALI FACİƏSİ- Divara mismarlanıb doğranan uşaqlar, anasının kürəyində güllələnən körpələr..

XOCALI  FACİƏSİ- Divara mismarlanıb doğranan uşaqlar, anasının kürəyində güllələnən körpələr..

1992-ci il...25-dən 26-na keçən gecə..

O dəhşətli gecənin şahidləri danışır:

Xocalı sakini Mehriban Əliyeva :

-Ermənilər əvvəlcə yandırıcı maddələrlə evlərə hücum etdilər, dörd tərəfimiz ermənilər idi. Hamımız əliyalın əhali başı açıq, lüt qaçmağa başladıq. Həmin faciədə elə ailələr oldu ki, yatdığı yerdə ailəlikcə yandılar.

Qanlı gecədə qar qılınc kimi adamı kəsirdi. Naəlac qalan Xocalı sakinləri özlərini Qarqarçaya vurub Kətik meşəsinə girdilər. Qaraqayada postlar quran ermənilər sakinlərin meşəyə girdiyini görən kimi hamımızı atəşə tudular. Yaşlı, qoca baxmadılar. Yaralı qalan körpələr qarın içində donub öldülər. Öldürdüklərinin də meyitlərinə işgəncələr verirdilər. Yaşlı qadının sinələrin kəsdilər, ər və arvadını məftilə sarıyıb "Qarabağ Ermənistan"dır deməyə məcbur etdilər, demədiklərinə görə onları yandırdılar. Tikə - tikə doğrayırdılar uşaqlarımızı. Yaralı qalan 9 yaşlı uşağı divara mismarlayıb doğradılar, ətini itin qabağına atdılar.

Mənim böyük bacım Səlimov Nənəşi, 3 oğlu və 2 gəlinini əsir götürüblər. Həmin vaxt bacımın oğlu anasına deyib ki, "bizə işgəncə verəndə çığırmayın ki, oğlumdu. Sizə də toxunarlar". Ailəlikcə bacımın gözü qabağında 3 övladını doğramışdılar. Bir bacımın 14 yaşlı qızı meşədə itkin düşdü, tapılmadı. Yoldaşımın qohumlarından xalası, əmisi oğlanları şəhid oldu. Oğlum qorxudan xəstəlik tapdı.

O vaxtlar camaat qohumlarının heç olmasa bir qolu, qıçı üçün nəzir qoyurdu ki, ölüsünü dəfn edib ziyarət etsin, təsəlli tapsın.

Mehriban Bəkirova:

(Mehriban Bəkirova 4 körpəsi ilə həmin gecə ermənilərə əsir düşüb. Həyat yoldaşı isə Xocalı aeroportunu müdafiə edərkən qəhrəmancasına şəhid olub. Xocalı sakini yenicə dünyaya gələn 3 günlük körpəsini də həmin gecə itirib.)

-Fevral ayının 26-sı günü ermənilərə əsir düşdük. Ermənilər bizi zirzəmidə tapdılar. Viktoriya adlı bir jurnalist orada olduğuna görə, bizə toxuna bilmədilər. Viktoriya gedəndən sonra isə bizə yenə zülm etməyə başladılar. Qız- gəlinlərimizə təcavüz etdilər. Mən övladlarımla 10 gün əsirlikdə qaldım.

Səidə Ələkbərova:

-Fevralın 25- i gecə biz qardaşımgilin maşın saxlama yerində gizlənmişdik. Saat 9-da atışma başladı. Saat 11 radələrində isə səslər gücləndi və biz gördük ki, kənd alışıb yanır. Qaynatam qışqıraraq gəldi ki, ermənilər kəndə girib. Özü də yaralanmışdı. Biz kəndin aşağısına getdik. Çünki Xocalıdan çıxmağı fikirləşmirdik. Aranın sakit olmağını gözləyirdik. Bir neçə saat sonra isə Qarqarçayını keçib Kətik meşəsi ilə Ağdama getmək istədik. Bir yandan təbiət, bir yandan da ermənilər...

Qarqarçayda anamı kürəyində keçirdim. Birtəhər yolu keçdik, gəldik Naxçıvanik kəndinin yoluna. Qəfildən ermənilər bizi tanklarla atəşə tutdular. Mən yuvarlanıb dağın döşündən arxa düşdüm. Bu vaxtı da anamı itirdim. Atılan güllə anama dəyib və anam şəhid oldu.

Biz arxın iç ilə sürünməyə başladıq ki, ermənilərin bizə sarı gəldiyini gördük. Üzləri gülürdü, ayaqları ilə meyitləri təpikləyirdilər, hətta biri meyitin başını avtomata keçirib yanımıza gəldilər. Bu vaxt yanımızdakı uşaqlar bu səhnədən qorxub ağlaşmağa başladılar. Bunu eşidən ermənilər də üstümüzə tökülüşdülər. Bizi avtomatla döydülər, donuz ferması adlanan yerə apardılar. Kimin nəyi vardısa hamısını əllərindən aldılar. Biz yaylıqla üzümüzü bağlayırdıq ki, onlar cavan qız, gəlin olduğumuzu görməsinlər.

Onlar üçün qoca, cavan, uşaq fərqlənmirdi.

3 gündən sonra isə aramızdan 10 nəfər seçib öldürmək adıyla apardılar. Mən də önə çıxdım ki, məni də öldürsünlər. Amma dəyişməyə apardılar, bizi həmin an qorxudurdular. Hər əsir gəldikcə şükür edirdim ki, mənim qardaşım, anam əsirlərin içində yoxdur.

Yoldaşım, qaynatam və qaynanamın meyiti martın 19-u bizə verildi. Bir bacımın qızı, 2 bacımın oğlundan xəbər çıxmadı. 18 il sonra rus jurnalistinin kadrları yayımlananda biz şəkildə bacımın uşaqlarını gördük. Yenə də şükür elədim ki, əsir düşməyiblər. 3 gün əsirlikdə olan əzabımı 18 il yaşamadıqları üçün şükür etdim. Bir bacımın bir oğlu və qızı şəhid oldu, bir bacım yoldaşı ilə şəhid oldu. Sayanda 40 dan çox qohumum şəhid olub. 27 il keçsə də o gecə 27 saat keçməmiş kimi bir faciədir mənim üçün.

Nərgiz Abbasova (Çingiz Mustafayevin kadrlarında yer alan Ləfixanım)

 

-Mən onda balaca idim. Məni böyük bacım kürəyində daşıyıb. Bacımla meşədə azdıq, meyitlərin üstünə çıxmışdıq. Hələ də unuda bilmirəm həmin səhnəni. Qış aylarında o günləri yenidən yaşamış kimi oluram. Meşədə ac olduğum üçün çox ağlayırdım, bacım bir yolluq sakitləşdirirdi məni. Amma biz yol tapa bilmirdik, meşədə elə hey fırlanırdıq. Həm yorğunluq, həm uşaqlıq, həm qorxu...

Sonra ermənilər bizi meşədə tapdı. Atamı gözümün qabağında döydülər. Qadınların gözü qarşısında kişiləri bir tərəfə düzüb nə ki var döyürdülər.

O vaxtı mənim adım Ləfixanım idi. Biz artıq xəstəxanada olanda tibb bacısı mənim üçün nərgiz gülü gətirdi, dedi "bundan sonra sənin adın Nərgiz olsun". O vaxtdan da adım Nərgizdir.

Sevil Əbdülova:

-Xocalını tanklar mühasirəyə almışdı. Biz Xocalını tərk etməyə başladıq. Qarqarçayı keçəndə dizə qədər ayaqlarımız dondu. Biz oradan gəldik Kətik meşəsinə. Lakin tanklar susmurdu. Meşə ilə birtəhər gəldik Naxçıvanik yoluna. O yola gələndə artıq bizi tapan ermənilər tankları ilə camaatı al- qana qərq etdilər. Biz də yaralandıq, amma sağ qaldıq. 13 yaşlı oğlum yaralamışdı, mənə dedi sən get. Dedim "Ceyhun, mən ölərəm səni qoymaram burda". Biz iki gün meşədə qaldıq. Ermənilər yenə tapdı bizi. Çantamda pul, qızıl nəyim vardısa aldılar. Oğlum nə qədər yalvardı ki, get sən. Amma mən anayam, övladımı orada qoya bilməzdim. Yanımda avtomatla bir qadın və övladını öldürdülər.

Dürdanə Məmmədova ( Xocalının son toyunun gəlini)

-Mənim toyum olan günü də atəş səsləri kəsilmirdi. Kənddə dedilər ki, gəlin bir xoş günümüz olsun. Yanvarın 18-də toyumuz oldu. Nə vaxt "Vağzalı" səslənsə, öz toyum yadıma düşür.

Həmin gecə hamı kimi Qarqarçayından keçməyə çaışmışdıq. Hərə bir vəziyyətdə idi: qolu, qıçı qırılan, başından zədə alan, çox acınacaqlı vəziyyət idi. Xocalıda olan vəhşilik heç bir yerdə olmayıb. Uşaq, qoca körpələrə çox zülm edirdilər. Ağsaqqalların saqqalı öz qanına boyanmışdı. Biz öz toyumuzu edəndə düşündük ki, bu şadlığımız axarınca olar. Daha bilmədik ki, biz evimizdən, obamızdan, yurdumuzdan didərgin düşəcəyik.

Mənim toyumdan olan bir şəklimi tapdım. O da toyda fotoqraf öz aparatını bir müddət sonra bizə gətirdi, şəkillərimizi göstərdi. Boşqab əlində tutan Dürdanə yoldaşımın əmisi qızıdı, amma o, əsir düşdü. Qardaşı ilə 8 gün əsirlikdə qaldı. Onlara nə qədər zülm etmişdilər.

Bizim oğlanlarımız deyirdi ki, sonuncu silahımız olsa belə, sonuncu gülləni bacımıza vuraq qoy, əsir düşməsin. Namusumuz qeyrətimiz əsir düşməsin. Əsir düşən qız və gəlinlərimizə zülm olundu, meyitlərin başına oyun açırdılar.

Atam və anam vətən həsrəti ilə dünyadan köçdü.

xxx

"Olaylar" qəzeti olaraq bu 3 həftə ərzində, Xocalı şahidlərinin söhbətini siz oxuculara təqdim etdik. Xocalı sadəcə adda soyqırım deyil. Xocalı sözlərə sığmayan vəhşilikdir. Həmin gecə ailələr məhv oldu, uşaqlar yetim, analar, atalar övladsız qaldı. Bütün bunlar bir qış gecəsi külfətini başına toplayıb, bir parça çörəyini yeyib isti yuvasında oturan günahsız insanların həyatına son qoydu. Xocalı sakinlərinin dili ilə desək, 29 il keçməyi heç nəyi dəyişmir. Hər danışanda, hər qış günündə 25-dən 26-na keçən gecənin o qışqırıq səsləri eşidilir, o qorxuları yenidən yaşanılır. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq, hər 26 Fevral tarixi bizim təqvimimizdə qara hərflərlə yazılacaq.

Gülər Seymurqızı

Qeyd: Xocalı şahidlərinin söhbəti müxtəlif KİV -dən götürülüb.

Mənbə: olaylar.az