Beş ildən sonra Lənkərana yağan qar şəhəri ağ örpəyə bürüyüb - FOTO

Beş ildən sonra Lənkərana yağan qar şəhəri ağ örpəyə bürüyüb - FOTO

Bu gün Lənkərana qış mövsümünün ilk qarı yağıb. Beş il sonra yağan qar rayon sakinlərinin böyük sevincinə səbəb olub. Hazırda rayon ərazisində yağmaqda davam edən qar şəhər təsərrüfatında ciddi problem yaratmayıb.

AZƏRTAC xəbər verir ki, ağ örpəyə bürünən Lənkəranda gündüz yollar buz bağlamadığından və şəhər ərazisində texnikalar vasitəsilə qar mütəmadi təmizləndiyindən nəqliyyatın hərəkətində hər hansı çətinlik yoxdur.

İcra hakimiyyətində yaradılmış komissiya tərəfindən rayon ərazisində ağır texnikalardan və canlı işçi qüvvəsinin köməyi ilə şəhərdə qarın təmizlənməsi həyata keçirilir. Mərkəzi küçələr və prospektlərdə yollara qum səpilir. Rayon ərazisində kommunal sahədə heç bir ciddi problem yoxdur. Elektrik enerjisinin verilməsində qısa fasilələr və açılmalar olsa da, bunlar da tez bir zamanda aradan qaldırılır.

Qarlı havada yollarda nəqliyyat vasitələri və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun Baş inspektoru Məhəmməd Rzayev bildirib ki, yollarda baş verə biləcək qəzaların qarşısının alınması üçün Lənkəranda Dövlət Yol Polisi bölməsinin əməkdaşları Post Patrul Xidmətinin əməkdaşları ilə birgə xidmətə cəlb olunub. Bu xidmətin nəticəsidir ki, Lənkəranda hər hansı yol-nəqliyyat hadisəsi baş verməyib.

“Lənkəran Şəhər Rayon Polis Şöbəsi vətəndaşlara xəbərdarlıq və tövsiyə edərək bildirir ki, hava şəraiti ilə əlaqədar olaraq sürət həddini düzgün seçsinlər. Ötmə manevr qaydalarını pozmasınlar, nasaz avtomobillərlə yollara çıxmasınlar. Özləri və digər hərəkət iştirakçılarını təhlükəyə atmasınlar”, - deyə Məhəmməd Rzayev əlavə edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın verdiyi məlumata görə, Lənkərana düşən qarın qalınlığı 12 santimetr təşkil edir. Hidrometeoroloqlar cənub bölgəsinə qarın fevralın 25-i axsam saatlarına kimi davam edəcəyini bildirir. Havanın temperaturunun gecə mənfi 2-3 dərəcə, dağlıq ərazilərdə 5-6 dərəcə şaxta olacağı, yolların buz bağlayacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: azertag.az