Qazinin də mənzili başqasına satılıb - “Naməlum şəxslər təmir edirdi”

Qazinin də mənzili başqasına satılıb - “Naməlum şəxslər təmir edirdi”

“İnşaat Konstruksiyaları” MMC aldığım mənzilimi ikinci şəxsə satıb. Bir ildən çoxdur ki, məhkəmələrdə qalmışam, amma heç bir nəticə yoxdur”. 

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə Vətən müharibəsi veteranı Quluzadə Əzizağa Rövşən oğlu sosial şəbəkə hesabında paylaşım edib. 

Vətəndaş bildirir ki, dəfələrlə müraciət etsə də, şirkət rəhbərliyi mənzili qaytarmaqdan imtina edib: “2 il bundan əvvəl Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 33 ünvanında yerləşən yeni tikili binadan, 2 otaqlı, 90 kv metrlik mənzil almışam. Bir neçə gün sonra mənzili yoxlamaq üçün gedəndə açarın məndən xəbərsiz dəyişdirildiyini və evdə naməlum şəxslər tərəfindən təmir işlərinin aparıldığını gördüm. Dərhal rəhbərliyə müraciət etdim. Məlum oldu ki, 2 il əvvəl özlərinin imzaladığı və möhürlədiyi müqavilə sənədi etibarsızdır. “İnşaat Konstruksiyaları” MMC tikinti şirkətinin rəhbərləri Rauf Əliyev, Rəsul Əhmədov və Məzahir Nəcəfov mənzili qaytarmaqdan boyun qaçırır”. 

Şikayətçi onunla birgə 300-dən çox zərərçəkənin olduğunu da əlavə edib.

Problemlə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb. 

Qeyd edək ki, sözügedən tikinti şirkəti ilə bağlı mətbuatda daha əvvəl də şikayət materialları yayımlanıb. Bir neçə ay əvvəl Baş Prokurorluq da məsələ ilə əlaqədar məlumat yaymışdı. Bildirilirdi ki, “İnşaat Konstruksiyaları” MMC-nin təsisçisi Rauf Əliyev, direktoru Rəsul Əhmədov, habelə maliyyə işləri üzrə direktor müavini Zahir Nəcəfov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işi üzrə ibtidai istintaq 2023-cü ildə tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxslər Rauf Əliyev, Rəsul Əliyev və Zahir Nəcəfovun Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrilə ittiham edildiyi cinayət işi üzrə hazırda məhkəmə baxışı davam etdirilir.

Cinayət işi üzrə 194 zərərçəkmiş şəxsə ümumilikdə 12 milyon manatdan artıq ziyan vurulması müəyyən olunub və ibtidai istintaq dövründə 153 şəxsə vurulmuş 9 milyon manatdan artıq ziyanın ödənilməsi təmin edilib. Bundan başqa, həmin cinayət işindən ayrıca icraata ayrılmış digər cinayət işi üzrə ibtidai istintaq zamanı 28 şəxsə 1,5 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi təmin edilib.

Hazırda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə istintaq davam etdirilir.

Mənbə: qafqazinfo.az