Şaxtalı fevral gecəsi bütün ailəsini itirən 81 yaşlı kişinin dəhşətli xatirələri

Şaxtalı fevral gecəsi bütün ailəsini itirən 81 yaşlı kişinin dəhşətli xatirələri

Xocalı faciəsinin şahidi 81 yaşlı Baloğlan Allahyarov bu qanlı gecədəki hadisələri heç zaman unutmayacağını bildirir. Həmin şaxtalı gecənin dəhşətli xatirələrindən biri ilə videomuzda tanış ola bilərsiniz.

Xocalıdan əli yalın, başıaçıq çıxanda Baloğlan Allahyarovun 51 yaşı vardı. Şaxtalı fevral gecəsi o da ailəsi ilə birgə ermənilərin qətliamından qurtulmağa çalışırdı. Həmin gecə o da dəhşətli faciə yaşadı. 21 yaşlı oğlu Etibarı, 20 yaşlı gəlini Çiçəyi və həyat yoldaşı Qəmzə xanımı itirdi. Yeganə övladı Etibar Allahyarov o zaman Xocalı aeroportu istiqamətində itkin düşüb. 81 yaşlı Baloğlan kişi indiyədək onun nə ölüsü, nə dirisi haqda xəbər ala bilmir. Baş verən hadisədən 29 il ötsə də, Xocalı sakini o gecəni heç vaxt yaddan çıxara bilmədiyini deyir.

Onun sözlərinə görə, ermənilər uşaq, qadın, ahıl demədən hər kəsi işgəncə ilə öldürüblər. Çobanın cibindən Quran kitabı çıxanda isə onu yandırmaq haqda əmr veriblər.

Baloğlan Allahyarov, Xocalı sakini: "Ordan - yamacın başından qumbaranı bizim başımıza atdılar. Torpağı necə sovurdusa... Bax, elə bil, mən burada oturmuşam, 40-50 nəfər orada. Baxdım gördüm ki, məndən aşağıdakıların hamısının başını elə bil toyuğun başı kimi kəsib üzürlər. Bax elə üzüblər. Başları, əlləri parçalandı. O vaxt ferma müdiri işləyirdim. Təvəkkül adında bir çobanım vardı, laçınlı idi. Onu tutmuşdular. Cibindən Quran kitabı tapmışdılar deyə onu odlamışdılar".

Xocalıda doğmalarını itirdikdən sonra Ağdam rayonuna pənah gətirən Baloğlan Allahyarov daha sonra Mingəçevir şəhərində məskunlaşır. Ölkə başçısı İlham Əliyev nur şəhərinə səfəri zamanı Xocalı sakininin evində olub.

 

Mənbə: sputnik.az