Qubada qızını boğub öldürən atanın məhkəməsi başladı

Qubada qızını boğub öldürən atanın məhkəməsi başladı

Qubada qətl törətməkdə təqsirləndirilən Məhərrəm İmanquliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 2-nə təyin olunub.

İttihama görə, hadisə ötən il oktyabrın 31-də saat 21.00 radələrində Quba rayonunda baş verib.

Rayonun Barlı kənd sakini, 1991-ci il təvəllüdlü Zeynbəy İmanquliyevaın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin atası İmanquliyev Məhərrəm Nəsir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq Zeynəb İmanquliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

İstintaq orqanı tərəfindən Məhərrəm İmanquliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Mənbə: teleqraf.com