Ermənistanda noyabrın 14-dən etibarən vətəndaşlara yeni biometrik ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin (ID kartların) sürətləndirilmiş qaydada verilməsinə başlanılıb.
"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib. Yeni qaydalar əsasında əlavə ödəniş edən vətəndaşlar sənədlərini daha qısa müddətdə əldə edə biləcəklər.
Yeni sistemə əsasən, İrəvanda xarici pasportu 24 saat ərzində almaq üçün 88 min 650 dram (425 manat) ödəmək tələb olunur. Ermənistanın digər bölgələrində isə eyni məbləğ qarşılığında pasport 48 saat ərzində təqdim ediləcək.
Şəxsiyyət vəsiqələrinin sürətləndirilmiş qaydada verilməsi üçün ümumi ödəniş 13 min 950 dram (66 manat 30 qəpik) müəyyənləşdirilib. Bu məbləğin 5 min 950 dramı əsas rüsum, 8 min dramı isə əlavə xidmət haqqıdır.
Biometrik xarici pasportların standart qiyməti 28 min 650 dram (135 manat) təşkil edir. Sənədin təcili hazırlanması üçün bu məbləğə əlavə olaraq 60 min dram (283 manat) ödənilməlidir.
Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, sürətləndirilmiş xidmət zamanı şənbə və bazar günləri göstərilən müddətlərə daxil edilmir. Əlavə ödəniş edən vətəndaşlara xidmət mərkəzlərində növbədənkənar qəbul imkanı da yaradılır.
Ermənistanda yeni biometrik sənədlərin verilməsi sistemi noyabrın 1-dən fəaliyyətə başlayıb. Adi qaydada müraciət edən vətəndaşlar sənədlərini biometrik məlumatların təqdim edilməsindən sonra 14-cü iş günündə əldə edə bilirlər.
Yeni sistem çərçivəsində müraciətlər HayPass elektron platforması vasitəsilə qəbul olunur. Vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçərək xidmət mərkəzini seçir, daha sonra fotoşəkil çəkdirir və barmaq izlərini təqdim edirlər.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, əvvəl verilmiş və qüvvədə olan pasportların məcburi dəyişdirilməsi tələb olunmur. Həmin sənədlər etibarlılıq müddəti başa çatanadək istifadə edilə bilər.
Azərbaycanda da ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin sürətləndirilmiş qaydada verilməsi üçün ayrıca dövlət rüsumları müəyyən edilib.
Azərbaycanda 18 yaşdan yuxarı vətəndaşlar üçün ümumvətəndaş pasportunun 10 iş gününə verilməsi 60 manat, 5 iş gününə verilməsi 120 manat, 1 iş gününə verilməsi isə 210 manatdır.
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi zamanı 15 yaşdan yuxarı vətəndaşlar üçün 10 gün müddətinə 5 manat, 3 iş gününə 50 manat, 1 iş gününə isə 70 manat dövlət rüsumu tətbiq olunur.
15 yaşadək uşaqlar üçün şəxsiyyət vəsiqəsinin 10 günə verilməsi 5 manat, 3 iş gününə verilməsi 25 manat, 1 iş gününə verilməsi isə 30 manat təşkil edir.
İtirilmiş və ya korlanmış şəxsiyyət vəsiqəsinin yenidən verilməsi üçün 10 iş gününə 30 manat, 3 iş gününə 70 manat, 1 iş gününə isə 90 manat dövlət rüsumu ödənilir.
Mənbə: www.bakupost.az