Xəbər verdiyimiz kimi, Ermənistan tərəfi sərhədi keçən Azərbaycan əsgəri Nəsimi Musayevlə bağlı ittiham aktını elan edib. O, bir neçə maddə üzrə təqsirli bilinib.
Nəsimi Musayevə qarşı irəli sürülən ittihamlar təsdiqini taparsa, onu uzunmüddətli həbs cəzası gözləyə bilər.
İttiham aktında göstərilənlərə görə, Musayev Ermənistanın Sünik vilayətində qanunsuz olaraq sərhədi keçməkdə, odlu silah və sursat daşımaqda, Şəki kəndində yaşayış evinə daxil olaraq əmlak oğurlamaqda, iki azyaşlını hədələyərək evdə saxlamaqda və Ani Avetisyanı güllələməkdə təqsirləndirilir.
Ermənistanın Cinayət Məcəlləsində bu əməllərə görə müxtəlif cəza növləri nəzərdə tutulur. Məsələn, ağırlaşdırıcı hallar olduqda qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə görə 5 ildən 10 ilədək, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluğa görə 4 ildən 8 ilədək, azyaşlının qanunsuz azadlıqdan məhrum edilməsinə görə isə 2 ildən 5 ilədək həbs cəzası tətbiq oluna bilər.
Bununla belə, sadalanan cəzaların hər birinin ayrıca müəyyən edilməsi yekun həbs müddətinin avtomatik olaraq onların cəmi qədər olacağı demək deyil. Ermənistan Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən, bir neçə cinayətə görə təyin edilən cəzalar tam və ya qismən birləşdirilə bilər. İşdə ağır cinayət də olduğu halda, bu qaydada müəyyən edilən yekun cəza 15 ilədək çata bilər.
Qeyd edək ki, bu, mümkün hüquqi yuxarı həddir. Nəsimi Musayevə veriləcək yekun cəza ittihamların məhkəmədə hansı həcmdə sübuta yetirilməsindən, tibbi ekspertizanın nəticələrindən, cinayətlərin hüquqi tövsifindən və digər yüngülləşdirici və ağırlaşdırıcı hallardan asılı olacaq.
Əliyar Xəlil
Mənbə: globalinfo.az