Gəncə Psixiatriya Xəstəxanasında palata yoldaşını amansızlıqla qətlə yetirməkdə ittiham olunan Gəncə şəhər sakini Zaur Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Musavat.com xəbər verir ki, hadisə bu ilin aprel ayında xəstəxananın palatalarından birində baş verib. İstintaq və məhkəmə materiallarına əsasən, paranoid şizofreniya diaqnozu ilə müalicə alan Zaur Mustafayev əvvəllər törətdiyi cinayətlərə görə çəkdiyi cəzaları xatırlayaraq, həbsxanada qalmağın psixiatriya xəstəxanasında olmaqdan daha asan olduğu qənaətinə gəlib. O, bu yolla həbsxanaya düşmək üçün palata yoldaşı, ağır depressiya diaqnozu ilə müalicə olunan Miri İsmayılovu öldürməyi planlaşdırıb.
Zaur Mustafayev hadisədən bir neçə gün əvvəl çarpayının üzərindəki döşəyin kənarlarından dartıb çıxardığı ipləri özündə saxlayıb. Cinayət günü o, Mirini qolları arxadan bağlı vəziyyətdə çörək yeyə biləcəyini yoxlayacağını deyərək aldadıb. Zərərçəkmişin razılığından sonra onun əllərini arxadan bağlayıb, çarpayıya uzadaraq kəndirlə boğub öldürüb. Ardından mərhumun meyitini öz çarpayısına uzadaraq üzərinə adyal çəkib və bir müddət sonra xəstəxana əməkdaşlarından birinə əməlini etiraf edib.
İfadəsində əvvəllər Gəncədə cinayət törətdiyini, daha sonra Rusiyada quldurluğa görə cəza aldığını deyən Zaur Mustafayev cəzasını çəkib Gəncəyə qayıtdıqdan sonra onda əsəb xəstəliyinin aşkarlandığını və xəstəxanada qeydiyyata alındığını bildirib:
“Ötən ilin aprelində xəstəxanaya yerləşdirildim. Həbsxana şəraitinin mənim üçün daha asan olduğunu düşündüm və buradan çıxmaq üçün otaq yoldaşımı öldürməyi planlaşdırdım ki, həbs olunub həbsxanaya göndərilim. Mirinin əllərini arxadan bağladıqdan sonra ona siqaret, su və çörək verdim. O da əlləri bağlı vəziyyətdə bunları etdi və qolları bağlı halda da su içib, siqaret çəkib, yemək yeyə biləcəyinə inandı”.
Zaur Mustafayevin qanuni nümayəndəsi isə gecə saatlarında ailəyə zəng vurularaq saxlanılması barədə məlumat verildiyini qeyd edib. O, baş verənlərdə xəstəxana rəhbərliyini və işçilərini ittiham edib:
“Zaur 13 il psixiatriya xəstəxanasında müalicə olunub. Hadisədən əvvəl kimisə öldürəcəyini deyib, amma heç bir tədbir görülməyib. Əsas günahkar xəstəxana işçiləridir, düzgün nəzarət olmayıb, səhlənkarlıq edilib. Qardaşım belə bir hadisəni tək başına törədə bilməzdi. Həmin xəstəxanada iki problemli xəstə var idi – biri qardaşım, digəri isə Miri”.
Mərhum Miri İsmayılovun bacısı ifadəsində qardaşının uzun müddət psixoloji problemlərdən əziyyət çəkdiyini, gecələr yatmadığını və təhlükəsizlik baxımından evdə saxlanmasının çətinləşdiyini bildirib:
“Anam rəhmətə gedəndən sonra evimə gətirib qayğısına qalmağa çalışdım. Amma dəfələrlə evdə qazı açıq qoyurdu, uşaqlarımın yanında saxlamaq mümkün olmurdu. Məcbur qalıb ötən ilin avqustunda onu Gəncə Psixiatriya Xəstəxanasına yerləşdirdim. Bu ilin aprelində zəng vurub öldüyünü dedilər. Ölümündən şübhələndim. Miri xəstə olsa da, heç kimə pislik edəcək insan deyildi”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Zaur Mustafayevin cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlinib. O, cinayət məsuliyyətindən azad edilib və barəsində məcburi müalicə təyin olunub.
E.Məmmədəliyev,
Musavat.com
Mənbə: www.musavat.com