Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan məlumata görə, ötən ilin sonunda ölkənin əsas turistik zonalarından biri olan Oğuz rayonunda otellərdə işləyənlərin cəmi sayı 15 nəfər olub. Bu isə 2024-cü ildəki işçi sayından 9 nəfər daha azdır. Rəsmi məlumatlara görə, ötən il Oğuz rayonunda otellərdə işləyənlər cəmi 56,6 min manat maaş alıb. Bu, o deməkdir ki, ötən il bu rayonda otellərdə işləyənlərin orta illik maaşı 3 773 manat, orta aylıq maaşı 314 manat olub. Xatırladım ki, ötən ilin yanvar ayından ölkədə minimum əməkhaqqı 400 manatdır.
Bakupost xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
“Onu da deyim ki, Oğuzda “Panarama Resort Oghuz”, “Afra Hotel”, “XalXal Hotel and Restoran”, “Korifey Hotel”, “Qaynama Ailəvi İstirahət Mərkəzi” kimi otellər fəaliyyət göstərir.
Oguz çox gözəl rayondur, təbiəti, insanları möhtəşəmdir, hətta çox maraqlı tarixi abidələr də var – amma, turizmin vəziyyəti belədir.
Gürcüstanla sərhəd açıq olsa, tək elə o istiqamətdən Qax-Şəki-Oguz-Qəbələyə minlərlə turist cəlb etmək olar. Bundan başqa, turizm hekayə satmaqla populyar olur, Oguz rayonunda hekayələşdirmək üçün onlarla abidə var, sadəcə, kreativlik, iqtisadi azadlıqlar, sahə ilə məşğul olmaq istəyənlərə dəstək yoxdur...
Fotoda Oğuzdakı qədim kilsədir, tək elə bunun üzərində qurulmuş hekayə doğru təqdimatda minlərlə turist cəlb edər - amma, üzərində ağac bitib...” - o əlavə edib.
Asena,
BakuPost

Mənbə: www.bakupost.az