Almaniyada 27 mindən çox məcburi qovulma - Evsizlik riski artır

Almaniyada 27 mindən çox məcburi qovulma - Evsizlik riski artır

Almaniyada məhkəmə icraçıları 2025-ci ildə sakinləri əsasən yaşayış yerlərindən 27.400 dəfədən çox zorla çıxarıblar. Eyni zamanda, məhkəmələr ötən illə müqayisədə 6 min çox olmaqla, ümumilikdə 41,2 min evdən çıxarılma qərarı veriblər.

Publika.az xəbər verir ki, bu barədə “Rheinische Post” qəzeti Almaniya Ədliyyə Nazirliyinin məlumatlarına istinadən yazıb.

Ölkədə hər gün orta hesabla 75-ə yaxın məcburi evdən çıxarılma hadisəsi qeydə alınıb. Bununla yanaşı, hökumətin bu tədbirlərdən konkret hansı ailələrin zərər çəkdiyi və nəticədə neçə nəfərin yaşayış yerindən məhrum olduğu barədə məlumatı yoxdur.

Bu statistika fonunda Sol Partiyanın sosial mənzillərlə təminat məsələləri üzrə nümayəndəsi Sara Mirov qış aylarında evdən çıxarılmaların qanunvericilik səviyyəsində qadağan edilməsinə çağırıb. Onun fikrincə, belə bir tədbir insanların ilin soyuq dövründə küçədə qalması hallarının qarşısını almağa kömək edərdi.

Mirov vurğulayıb ki, mənzil hüququ insanın fundamental hüquqlarından biridir və məcburi evdən çıxarılmalardan müdafiə ilə təmin olunmalıdır.

2025-ci ildə bu cür halların ən çoxu Almaniyanın əhalisinin sayına görə ən böyük federal torpağı olan Şimali Reyn-Vestfaliyada qeydə alınıb. Burada evdən çıxarılmaların sayı 6 mini ötüb. Bavariyada 3,4 mindən çox, Berlində isə təxminən 2,3 min belə hadisə baş verib.

Hüseyn İbadlı

Mənbə: publika.az