Rüsvayçı şəkil üstündə qanlı dava: "İlk bıçağı bacısı vurdu..." – Şok təfərrüat

Rüsvayçı şəkil üstündə qanlı dava: "İlk bıçağı bacısı vurdu..." – Şok təfərrüat

Rusiyanın Rostov vilayəti, Aksay şəhərində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Amil Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Amil Babayev Rostov vilayətində qohumları ilə birgə müvəqqəti yaşadığı zaman tanışları Fərrux Xəlilovun onun bacısı barəsində rüsvayedici məlumatları, o cümlədən fleş-kartda saxladığı fotoşəkilləri yayma hədəsi ilə pul tələb etməsi barədə məlumat öyrənib.

Bu səbəbdən 10 dekabr 2016-cı il tarixdə, saat 21 radələrində bacısını iştirakı ilə Fərrux Xəlilovla Rostov vilayəti, Aksay şəhərində binaların birinin qarşısında görüşüb.

Amil Babayev Fərrux Xəlilovdan bacısını hansı səbəbdən şantaj etməsi barədə soruşub və mübahisə yaranıb.

Mübahisə zamanı Amil Babayev Fərrux Xəlilovla dalaşıb, fleş-kartı ondan alması ilə mübahisə bitsə də, bununla kifayətlənməyib. Növbəti gün saat 15 radələrində bacısı və əmisi İxtiyarın iştirakı ilə Fərrux Xəlilovla Aksay şəhərininin Verbnaya küçəsi 2 ünvanında görüşüb. O, Fərrux Xəlilovla yenidən hansı səbəbdən bacısını şantaj edərək pul tələb etməsindən danışıb.

Fərrux deyilənlərin yalan olduğunu, əslində bacısı ilə aralarında uzun müddətdir sevgi münasibətləri yarandığını bildirib. Bu sözlərdən hiddətlənən Amil Babayev qisas məqsədi ilə onu öldürmək qərarına gəlib. Özündə olan bıçaqla Fərrux Xəlilova çoxsaylı zərbələr vurub.

Ümumilikdə ona səkkiz yerdən xəsarət yetirib, öləcəyini güman edib və hadisə yerindən gedib.

Hadisə yerində olan İxtiyar Babayevin müdaxiləsi ilə Fərrux Xəlilov xəstəxanaya çatdırılıb. Ona vaxtında ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatı xilas edilib.

Amil Babayev Rusiyanı tərk edib və Azərbaycana gəlib. Bir müddət Sabirabad rayonunda gizlənib, 2019-cu il aprelin 5-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.

İstintaq orqanı tərəfindən Amil Babayevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amil Babayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fərrux Xəlilovun cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyana görə Amil Babayevdən 100 min manat məbləğində pul tələbinə dair mülki iddiasının baxılmamış saxlanılıb. Ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun izah olunması qərara alınıb.

Hökmdən narazı qalan Amil Babayevin müdafiəçisi apelyasiya şikayəti verib. O, qeyd edib ki, Amil Babayev Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan əməli deyil, həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsində nəzərdə tutulan əməli törədib.

Müdafiəçinin sözlərinə görə, məhkəmə kifayət qədər araşdırma aparmadan onun əməlini Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə əsassız olaraq tövsif edib və həmin maddə ilə ona cəza təyin edib.

Bundan başqa, zərərçəkmiş Fərrux Xəlilov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, Amil Babayev məhkəmənin hökmü ilə layiqli cəzasını alıb: “Onunla əlbir olaraq məni öldürmək istəyən digər şəxslər, əmisi İxtiyar Babayev və bacısı Raidə Abuşova layiqli cəzasını almayıblar. Onların hər üçü əlbir olaraq məni öldürməyə cəhd ebilər. İxtiyar Babayev və Raidə Abuşova ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq kənarda saxlanılıb, yalnız Amil Babayev məsuliyyətə cəlb edilib.

Bu işin materiallarının tədqiqindan də aşkar şəkildə görünür. Mənə ilk bıçaq zərbəsini Raidə yetirib. Daha sonra onların hər üçü birlikdə mənə hücum edərək öldürmək istədilər”.

Bundan əlavə zərərçəkmiş şəxs Fərrux Xəlilovun cinayət əməli nəticəsində ona vurulmuş maddi və mənəvi ziyana görə Amil Babayevdən 100 min manat məbləğində pul tələbinə dair mülki iddiasının təmin edilməməsini də düzgün hesab etməyib. Qeyd edilənləri nəzərə alaraq hər üç şəxsin cinayət məsuliyyətə alınmasından ötrü işin prosessual rəhbərliyi həyata keçirilən prokurora qaytarılması və yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclasına qaytarılmasını xahiş edib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə tərəflərin şikayəti təmin olunmayıb.

Mənbə: teleqraf.com