Nəsimi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutularaq istintaqa təqdim edilib

Nəsimi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutularaq istintaqa təqdim edilib

Bakı, 2 mart, AZƏRTAC

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Hikmət Qurbanovu saxlayıblar. Onun üzərinə baxış zamanı ümumi çəkisi 3 kiloqramdan çox narkotik heroin aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı Hikmət Qurbanovun şəxsiyyəti istintaqa məlum olmayan əcnəbi vətəndaşla sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələrin Bakıya gətirilməsinə kömək etdiyi müəyyənləşdirilib. Saxlanılan şəxsin həmin xarici ölkə vətəndaşının göstərişi ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməyi planlaşdırdığı da məlum olub.

Faktla bağlı saxlanılan şəxs barəsində Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

H.Qurbanov tutularaq istintaqa cəlb olunub. Narkotik maddələrin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

 

Mənbə: azertag.az