Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir

Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir

Rusiya müxalifətinin əsas siması sayılan Aleksey Navalnı ayyarımdır həbsxana həyatı yaşayır. Əvvəlcə “Matrosskaya tişina” təcridxanasına yerləşdirilən bloger sərt nizam-intizam rejimi ilə fərqlənən Vladimir vilayətindəki İK-2 cəzaçəkmə müəssisəsinə aparılıb.

Bizimyol.info xəbər verir ki, Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir. Bu haqda İctimai Müşahidə Komissiyasının katibi Aleksey Melnikov danışıb. O, cəzaçəkmə müəssisəsində administrasiyanın total nəzarəti olduğunu deyib.

“Yuxudan saat 5-6-da oyanırsan, axşam 10-da yatmalısan. Əlbəttə, yuxudan doymursan, şərtlər asan deyil. Səhər idmanı –15 dəqiqə, tualet – 10 dəqiqə, səhər, axşam yoxlanışları – 40 dəqiqə, qida qəbulu – yarım saat. Bunlarla bağlı sərt reqlament qəbul olunub”.

Hüquq müdafiəçisinin dediyinə görə, məhkum cəzaçəkmə müəssisəsində gün ərzində özünə cəmi 30-60 dəqiqə vaxt ayıra bilir. Amma Melnikov Navalnının digərləri qədər əziyyət çəkməyəcəyinə inanır. Çünki müxalifətçiyə ictimai diqqət böyükdür.

İctimai fəal Konstantin Kotovun yolu həm də İK-2 cəzaçəkmə müəssisəsindən keçib. Onu bura mitinqlərin keçirilməsi ilə bağlı qaydaları pozmaqda ittiham edərək göndəriblərmiş: “Əvvəlcə karantin dəstəsində yer alırsan. Səni istənilən havada təlim meydanına çıxara bilərlər. Müəssisənin istənilən əməkdaşını görəndə doğum tarixini, məhkumluğunun başlama və bitmə vaxtını deməlisən. Faktiki bütün günün həmin təlim meydanında keçir”.

Kotov cəzaçəkmə müəssisəsinin ərazisində toxuculuq, ağac emalı, rəngsazlıq sexlərinin olduğunu bildirib. İctimai fəal orada insan haqlarının kobud şəkildə pozulduğunu deyib: “Bilirəm ki, məhbuslar əməyinin müqabilində payına düşən məbləğin hamısını ala bilmir. Ümumiyyətlə, onlarla əmək müqaviləsi imzalanmır”.

“Rus marşı”nın təşkilatçılarından sayılan Dmitri Demuşkin İK-2 cəzaçəkmə müəssisəndə 8 ay keçirib. O, xeyli əziyyət çəkdiyini bildirib. Demuşkin Navalnı üçün həbsxana həyatının asan keçəcəyinə inanmır.

“Mən “Matrosskaya tişina”da olanda məhkumlar daha çox 4 yerə getmək istəmirdi, biri də bura idi. Hətta özlərinə xəsarət yetiridilər, qarınlarını yarırdılar, damarlarını doğrayırdılar. Buna görə heç vaxt məhbuslara hara göndərilicəkləri məlumat verilmirdi”.

Demuşkin deyib ki, sərt nizam-intizam qaydalarına baxmayaraq, məhkumlara fiziki işgəncə verilmir. İctimai fəalın sözlərinə görə, İK-2-nin əsas missiyası məhbusları psixoloji baxımdan “sındırmaq” və dünyadan tam təcrid etməkdir.

“Mən ora göndəriləndən yalnız üç həftə sonra yaxınlarım bilmişdi ki, haradayam. İlk məktubumu iki ay yarımdan sonra göndərə bilmişdim. Buna qədər nə yazırdımsa, məhv edirdilər. Məhbusa düz-əməlli tibbi yardım da göstərilmir”.

Demuşkin bildirib ki, Navalnını orada heç kim döyməyəcək. Çünki fiziki təzyiq ən dəhşətlisi deyil: “Mənə də barmağını toxunduran olmamışdı. Amma bəzən döyülənlərə həsəd aparırdım. Sizi şəxsiyyət kimi sıradan çıxarırlar”.

Demuşkin Vladimir vilayətindəki cəzaçəkmə müəssisəsində məhbusların bir-biri ilə söhbət etmədiyini söyləyib. Onlar kilsəyə və ya kitabxanaya gedə bilmirlər. Bəzən günlərlə gəzişməkdən məhrum olurlar. Məhkumun şəxsi əşyaları yoxdur. Ona kənardan heç bir ərzaq gətirilə bilməz. Yeməkxanaya gedib sürətlə yeməli olursan: “Bəzən qida qəbuluna cəmi iki dəqiqə vaxt verirlər. Yeyirsən, ayağa qalxırsan və əllərini göstərirsən”.

İctimai Müşahidə Komissiyasının üzvü Marina Litvinoviç düşünür ki, Navalnıya xüsusi nəzarət olacaq. Hər üç saatdan bir onun müəssisədən qaçıb-qaçmaması yoxlanacaq.

Navalnı yanvarın 17-də Almaniyadan vətənə qayıdanda aeroportda həbs olunmuşdu. Moskva məhkəməsi fevralın 2-də onu 2 il 8 ay azadlıqdan məhrum edib. Navalnı 850 min rubl cərimə də olunub.

Mənbə: www.bizimyol.info