Almaniyanın Münster şəhər məhkəməsi 59 yaşlı Niderland vətəndaşı Ştefan Veykampı nifrət qızışdırmaq və Adolf Hitleri tərifləmək ittihamı ilə 3 il sınaq müddəti olmaqla 8 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Bizim.Media xəbər verir ki, məhkəmənin qərarına əsasən, o, həmçinin Şimali Reyn-Vestfaliya torpağının büdcəsinə 1000 avro məbləğində cərimə və məhkəmə xərclərini ödəməlidir.
Cinayət işinin açılmasına Ş.Veykampın 2025-ci il iyulun 19-da Münsterdə keçirilən ifrat sağçıların nümayişi zamanı verdiyi müsahibədə Hitleri "dahi" adlandırması və onun ünvanına digər tərifli ifadələr işlətməsi səbəb olub.
Məhkəmə müdafiə tərəfinin söz azadlığı ilə bağlı arqumentlərini rədd edərək, bu çıxışların nasist rejimi qurbanlarını kobud şəkildə təhqir etdiyini və ictimai asayişi pozduğunu qərara alıb.
Qeyd olunur ki, hökm hələ qanuni qüvvəyə minməyib və məhkumun qərardan apellyasiya şikayəti verəcəyi bildirilir.
Mənbə: bizim.media

