Türkiyədə baş vermiş helikopter qəzasının ilkin səbəbləri AÇIQLANDI

Türkiyədə baş vermiş helikopter qəzasının ilkin səbəbləri AÇIQLANDI

Türkiyənin Bitlis əyalətinin Tatvan rayonunda ötən gün hərbi helikopterin qəzaya uğramasına hava şəraitinin qısa zamanda kəskin dəyişməsinin səbəb olduğu ehtimal edilir.

Publika.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

O, qeyd edib ki, ilkin məlumatlara və şahidlərin ifadələrinə əsasən qəzanın sürətlə dəyişən hava şəraiti səbəbindən baş verdiyi güman olunur.

Bununla belə, hadisənin dəqiq səbəbi ətraflı araşdırma nəticəsində müəyyən ediləcək. Qəza ilə bağlı araşdırmalar bu gün başlayacaq.

Hadisə nəticəsində 11 hərbçinin şəhid olduğunu, daha 2 nəfərin yaralandığını bildirən Hulusi Akar qeyd edib ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib: "Yaralıların müalicəsi davam etdirilir. Vəziyyətləri yaxşıdır".

Hulusi Akar qəzada həlak olanlara rəhmət, ailələrinə səbir diləyib, yaralıların tezliklə sağalmalarını arzulayıb.

Qeyd edək ki, həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var. Hadisə martın 4-də Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

Mənbə: publika.az