Bakıda üzərinə dəmir parçası düşən qadının ölümü ilə bağlı cinayət işi başlandı

Bakıda üzərinə dəmir parçası düşən qadının ölümü ilə bağlı cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Martın 7-də saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi 1 ünvanında 1 nəfər qadının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Nəsimi rayon prokurorluğundan Trend-ə verilən məluumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızı qeyd edilən ünvanda piyada hərəkətdə olan zaman Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda görülən təmir işləri ilə əlaqədar inzibati binanın ətrafına təhlükəsizlik tədbirləri üçün quraşdırılmış dəmir lövhələrdən birinin güclü küləyin təsirindən uçaraq onun üzərinə düşməsi nəticəsində ölmüşdür.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Mənbə: az.trend.az