Gəncədə ana və 2 azyaşlı övladının ölümü ilə bağlı cinayət işi açıldı

Gəncədə ana və 2 azyaşlı övladının ölümü ilə bağlı cinayət işi açıldı

Bakı. Samir Əli - Trend:

Martın 8-də saat 9 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində 3 nəfər şəxsin meyitinin yaşadıqları evdə aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilmişdir.

İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, 1987-ci il təvəllüdlü Məmmədova Leyla Yunis qızı 2 uşağı ilə birlikdə yaşadıqları mənzildə dəm qazından zəhərlənərək ölmüşlər.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

 

İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mənbə: az.trend.az