“Komissiya sədri sənədlərimi götürüb var gücü ilə üzümə çırpdı” - Ermənistan ordusunda LGTB-lərin vəziyyəti

“Komissiya sədri sənədlərimi götürüb var gücü ilə üzümə çırpdı” - Ermənistan ordusunda LGTB-lərin vəziyyəti

Ordu.az erməni KİV-lərə istinadən xəbər verir ki, Ermənistan ordusunda qeyri-ənənəvi xəstəliklərə görə ordudan azad edilərkən, psixoloji və mənəvi təzyiqlərə məruz qalma halları tez-tez baş verir. Hər 3 nəfərdən biri fiziki zorakılığa məruz qalır.

Haqqında söz açılan erməni gənc gey olduğuna görə, orduda fiziki zorakılığa məruz qalanlardan biridir.

Belə ki, 18 yaşlı Artak Arakelyan cari ilin əvvəlində məcburi hərbi xidmətə çağırılmalı idi. Tibbi komissiyanın tibbi müayinə keçirməsindən öncə o, komissiya üzvlərindən birinə yaxınlaşır və problemini, yəni həmcinsli olduğunu yavaşca sonuncunun qulağına deyir. Bundan sonra əsl “kino” başlayır.

Arakelyanın sözlərinə görə, kim olduğunu bildikdən dərhal sonra həmin komissiya üzvü ona sözünü deməyə imkan verməyib və qolundan tutaraq, hərbi komissarın yanına aparıb.

“Şəxsi həyatıma müdaxilə etməyə hüquqları olmasa da müxtəlif suallar verməyə, istehza etməyə, təhqir etməyə və xarici görünüşümə gülməyə başladılar”, - deyə erməni çağırışçı bildirib.

O, davamlı olaraq komissiya üzvlərinin qeyri-etik söhbətlərinə şahid olduğunu qeyd edir. İlkin tibbi müayinədən sonra çağırışçını müalicəyə göndərirlər. Təyin olunmuş prosedurlara uyğun olaraq, psixoloq və psixatriya həkimi mütəxəssis rəyi verməli və xəstənin psixoloji problemləri olduğunu təsdiqləməli idi. Artakın məsələsi isə öz yolundan azma, 15 yaşında qeyri-etik davranışlara yol vermə kimi dəyərləndirilib. Həkim rəyinə görə, məhz 15 yaşında Artak “gey xəstəliyi”nə tutulub.

Həmin gecə Artak psixatriyada yatmaqdan yayınıb və öz təhlükəsizliyini təmin edib. Bir neçə gündən sonra onu təkrar çağırış məntəqəsinə çağırırlar və “filmin çəkilişləri”nin ikinci hissəsi başlayır.

Komissiya zamanı ona kənar qüvvələr bildirib ki, hərbi komissar tutduğu əmələ görə ciddi şəkildə əsəbləşib. Çağırışçı bildirir ki, komissiyanın 15 nəfərdən ibarət üzvləri qeyri-etik suallar verməyə, atmacalar atmağa başlayıb.

Komissiya sədri Henrik Muradyan daha sərt davranaraq, verdiyi təlimata uyğun olaraq, bir addım irəli addım atan Arakelyanın sənədlərini var gücü ilə onun üzərinə çırpıb. Artak komissiya üzvlərinə bildirib ki, o, özünü xəstə hesab etməsə də orduda təhlükəsizliyinə görə narahatdır.

Bu hadisələrdən bir neçə ay sonra Arakelyan öz hərbi biletini əldə edə bilir. Hərbi biletində hərbi xidmətdən azad olma səbəbi olaraq şəxsi pozğunluq, müalicəyə tabe olmayan homoseksuallıq göstərilib. Hərbi biletdəki bu qeydiyyata görə, adi insanların əldə edə biləcəyi bir sıra imkanlardan, o cümlədən sürücülük vəsiqəsi əldə etməkdən, pedaqoji sahədə çalışmaqdan məhrum edilib.

Bu gün Artak ona qarşı aparılan zorakılığa qarşı mübarizəni davam etdirir. Baş vermiş cinayətə dair şəxsən Ermənistan polis rəisinə və Baş prokurora məlumat verib. Rəsmi orqanların cavabı susqunluqdur. İctimai təşkilat rəhbəri Mamikon Hovsepyan orduda neçə nəfərin gey olduğunu deyə bilməyəcəyini bəyan edib.

Ermənistan ordusunda həmcinslilər barədə məlumat yayılan kimi dərhal həmin şəxs təcrid edilir, bəzən isə ona qarşı cinsi zorakılığa yol verilir. Ermənistan Müdafiə Nazirliyi bütün bunları bilsə də, əməli tədbir görmür. LGTB şəxslərin hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai təşkilatlar bu barədə vaxtaşırı məsələ qaldırsa da, nəticəsiz qalır və bənzər şəxslər barədə hər hansı informasiyanın yayılmasının qarşısı alınır.

Ermənistan Müdafiə Nazirliyindən bildirilir ki, LGTB-lərə qarşı ictimaiyyətin mövqeyini dəyişmək onlardan asılı deyil. Əgər, hər hansı şəxs şəxsi həyatında baş verənlərlə əlaqədar təzyiqlərə məruz qalırsa, müvafiq orqanlara müraciət edə bilər. Orduda hərbi qulluqçular LGTB nümayəndələrinin onlarla eyni şəraitdə xidmət etməsini həzm edə bilmirlər.

Hüquq müdafiəçisi Anna Aleksanyan Ermənistan MN-in LGTB nümayəndələrinə qarşı münasibətini qəbulolunmaz hesab edir.

“İndiki halda qeyri-ənənəvi xəstəliyi olan şəxslər orduda xidmət etməməlidir. Çünki ordu rəhbərliyi hazırda onların təhlükəsizliyini təmin etmək iqtidarında deyil”, - deyə Aleksanyan qeyd edib.

Alpər Mövludoğlu

Mənbə: ordu.az