Ermənistanın “Boeing” təyyarəsi hara yoxa çıxıb?

Ermənistanın “Boeing” təyyarəsi hara yoxa çıxıb?

Fevralın 22-dən bu günə qədər İran ərazisində olan təyyarə Ermənistana qaytarılmayıb. Üstəlik Ermənistanın müvafiq orqanlarından təyyarənin niyə bu günə qədər Ermənistana qaytarılmadığına dair hər hansı açıqlama verilmir. Ordu.az xəbər verir ki, erməni jurnalistlər Ermənistan Mülki Aviasiya Komitəsindən təyyarənin taleyini aydınlaşdırmağa çalışıb.

Lakin komitənin sədri Tatevik Revazyanın köməkçisi Jenyan bu məsələ üzrə onun başqa bir köməkçisi olan Lilit Ağabekyana zəng etməyi təklif edib. Ağabekyan isə telefon zənglərinə cavab verməyib.

Bəs nə baş vermişdi? “Boeing B737-300” təyyarəsini 5 illik icarəyə götürmüş “Fly Armenia Airways” aviaşirkətinin uçuş şəxsi heyətinin və İranın aviasiya səlahiyyətlilərinin bildirdiyinə görə, Tehranın “Mehrabad” beynəlxalq hava limanında eniş etməyin səbəbi texniki xarakterli olub, xüsusən təyyarənin yanacaqla bağlı problemləri yaranıb.

Ermənistanda bunu aydınlaşdırmağa çalışarkən ABŞ da kənarda qalmayıb və bu məsələdə iştirak edən bütün tərəfləri dərhal təyyarənin yerini və statusunu aydınlaşdırmağa çağırıb, Birləşmiş Ştatlar qanunvericiliyi ilə Amerika istehsalı olan təyyarələrin və aviasiya ehtiyat hissələrinin İrana ötürülməsinin və ya başqa şəkildə bunların çatdırılmasının qadağan edildiyini xatırladıb.

Bu cür fəaliyyətlərdə iştirak edən qurumlar ABŞ sanksiyalarına məruz qala bilər. Adətən ABŞ konkret şəxslərə və ya təşkilatlara, müstəsna hallarda həm də dövlətlərə qarşı sanksiyalar tətbiq edir.

Yeri gəlmişkən, Ermənistan mülki aviasiyasının yaydığı bəyanatda qeyd olunub ki, təyyarə sərnişinlərsiz olub və pilotlar başqa millətdən olub.

Əlavə edək ki, hadisə ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentində cinayət işi açılıb, ilkin istintaq həyata keçirilir.

Alpər Mövludoğlu
 

 

Mənbə: ordu.az