Pandemiyada İran xəstəxanalarında yer qalmadı

Pandemiyada İran xəstəxanalarında yer qalmadı

İran xəstəxanalarında koronavirus xəstələri üçün yer qalmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın Yoluxucu Xəstəliklərlə Mübarizə Komitəsinin üzvü Məsud Mərdani açıqlama verib.

“Xəstəxanalara xəstələri qəbul etmək üçün yer yoxdur. Bu səbəbdən xəstəxanaların ərazilərində nəfəs darlığından əziyyət çəkən və ambulator müalicə alan koronavirus xəstələrə ayaqüstü müalicə göstərilir”,- deyə Mərdani bildirib.

Hazırkı vəziyyəti böhran olaraq qiymətləndirən Mərdani gün ərzində xəstəxanaya yerləşdirilməli olan 100-150 arası pasientləri ayaqüstdə müalicə edərək evlərinə göndərməli olduqlarını qeyd edib.

Mövcud vəziyyətin müharibə vəziyyəti ilə müqayisə edilməli olduğunu vurğulayan Mərdani, məhdudiyyətlər tətbiq olunmazsa, yoluxma və ölüm sayının gündən- günə artacağını bildirib.

İran Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, ötən gün ərzində 398 nəfərin koronavirus səbəbilə həyatını itirməsi ilə ümumi ölüm hallarının sayı 67 min 130-a çatıb. Bu günə qədər virusa yoluxanların ümumi sayı isə 2 milyon 261 min 435 nəfər təşkil edir.

Mənbə: qafqazinfo.az