Bakıda taksi sürücüsünə qarşı quldurluq edənlərin məhkəməsi başlayır

Bakıda taksi sürücüsünə qarşı quldurluq edənlərin məhkəməsi başlayır

Bakıda taksi sürücüsünə qarşı quldurluqda təqsirləndirilən Kamran Qayıbov və Emil Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Mahmud Ağalarovun icraatındadır.

Qeyd edək ki, hadisə bu il yanvar ayında baş verib. Bakı şəhər sakini E.Əliyev polisə müraciət edərək Z.Bünyadov prospektində idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturan 2 nəfərin onu bıçaqla hədələyib, 100 manatını aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Kamran Qayıbov və Emil Qurbanov müəyyən edilərək saxlanılıblar.

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Mənbə: report.az