Cinsi orqanı kəsilən uşağın anası - "O qadın uşağımı yenə hədələyir"

"Qadın bu işi qızı ilə birgə görüb. Uşaq əllərindən qaçıb evə gəlməsəydi, qanaxmadan ölə bilərdi" - zərərçəkmişin anası.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 aprel — Sputnik. Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişində Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovanın çıxış etməsi ictimaiyyətdə geniş rezonansa səbəb olub. Milli Televiziya və Radio Şurasının qərarı ilə verilişin yayımı bir günlük dayandırılaraq ATV telekanalına qarşı dörd min manat məbləğində cərimə iddiası qaldırılsa da, cinayət törədənlərin efirə çıxması birmənalı qarşılanmır.

Sputnik Azərbaycan-a məsələ ilə bağlı açıqlama verən teletənqidçi Qulu Məhərrəmli bildirib ki, bu hadisəni törədən şəxsin əməli barədə çıxıb efirdə danışması təqdir ediləcək hal deyil:

"Canlı efirlərdə bu cür halların olmasını ciddi qəbahət hesab edirəm. Azərbaycanda bunların hamısı sensiya axtarışı, qeyri-adilik, reytinq məqsədi güdür. Televiziyalar veriliş hazırlayır və bundan reytinq qazanmaq istəyirlər".

Q.Məhərrəmli deyir ki, mahiyyət etibarilə verilişin aparıcısı Zaur Baxşəliyev istedadlı aparıcıdır: "Onun düşüncəsi, veriliş aparmaq qabiliyyəti var. Amma bu verilişin redaktoru, prodüsseri var ki, onlar məsuliyyətli olmalıdırlar. Məsələnin mahiyyətini bilə-bilə bu cür cinayətin efirdə etiraf olunması yolverilməzdir. Məsuliyyət və peşəkarlıq olmadıqda bu cür hallar ortaya çıxır. Bu baxımdan mən MTRŞ-nın addımını çox doğru hesab edirəm. Bu cür kəskin reaksiyalar olmasa, efirdə belə hallar tez-tez baş verər".

Teletənqidçi bildirir ki, telekanallar məsuliyyəti artırmalı, efirə gedəcək materiallara diqqət yetirməlidirlər. Bunun üçün isə yaradıcı qrupda məsul şəxslər olmalıdır. Q.Məhərrəmli onu da əlavə edib ki, efirə məsul şəxslər ictimai əxlaq normasını unudurlar. Bu da çox məsuliyyətsiz yanaşmadır.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə bildirib ki, uşaqlara qarşı bu cür zorakılıq yolverilməzdir. K.Ağazadə deyir ki, həmin qadının efirə gələnədək məsuliyyətə cəlb edilməməsi anormaldır:

"Polis o qadını efirə gəlməmiş götürüb aparmalıydı. Bu qadının əməlini çıxıb efirdən yaxşı bir iş kimi danışması təəccüb doğurur. Bu gün çox təəssüf ki, o qadının əməlinə haqq qazandıranlar da var. Bu çox dəhşətli məsələdir", - deyə K.Ağazadə bildirib.

Bərdə Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Əlzamin İsayev ailəlikcə koronavirusa yoluxduqlarından məsələdən xəbərsiz olduğunu bildirib. İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə Məsləhətçi-psixoloqu İsa İsmayılov isə bu məsələdən xəbərdar olduğunu desə də onlara rəsmi məktub daxil olmadığını söyləyib.

Hadisə zamanı xəsarət alan 10 yaşlı uşağın valideyni Ülviyyə Mirzalıyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, övladının durumu hazırda çox pisdir: "Uşağı həkimə aparmışıq, cinsi orqanına tikiş qoyulub. Cinayəti törədən qadın uşağımın sünnət dərisindən kəsib. Bu işi qızı ilə birgə görüb. Uşaq əllərindən qaçıb evə gəlməsəydi, qanaxmadan ölə bilərdi".

Ülviyyə Mirzəliyeva bu hadisədən sonra uşağın psixologiyasında ciddi problem olduğunu söyləyir. Onun sözlərinə görə, uşağı gecələr yatmır, tez-tez qışqıraraq oyanır. Valideyn bu hadisənin binada yaşayanları da xofa saldığını söyləyir: "İnanın ki, bütün bina hadisədən sonra narahatdır. Heç kəs uşağını bayıra buraxmaq istəmir. Bu qadının azadlıqda olması uşaqların həyatı üçün təhlükədir. Mən onun yaşadığı binadan kirayədən çıxıb bir qədər kənarda ev kirayə götürmüşəm. Amma yenə uşaq qorxur".

Valideyn bildirir ki, qadın bu əməlindən peşman deyil və özünə haqq qazandırır:

"Binanın qarşısında qışqırır ki, pulunu verib cəzadan qurtulacaq. Mən aidiyyəti qurumlardan xahiş edirəm ki, bu qadının layiqli cəza almasını təmin etsinlər. Şikayətimi geri götürməyəcəm. Çünki mənim övladımı yenidən cinsi orqanını kəsməklə hədələyir".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, artıq hadisə ilə bağlı cinayət işi açılıb: "Faktla bağlı Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir. İstintaq yekunlaşdıqdan sonra iş materialları məhkəməyə göndəriləcək".

Qeyd edək ki, Bərdə rayonunda bir neçə gün öncə 40 yaşlı Aidə Əzizova 10 yaşlı uşağın cinsi orqanını kəsib. O, bu əməlini ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində açıq şəkildə danışaraq əməlinə haqq qazandırıb. Bildirib ki, 10 yaşlı oğlan onun 3 yaşlı qızına qarşı seksual hərəkətlər edib.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Berlində minlərlə insan karantinə etraz edir - VİDEO

SONRAKI XƏBƏR

Robotlar bizim dostumuz olacaqmı?