“Dedim ki, ocaqlarında bir adam qoymayacam” - Əlisilahlı yeznədən DƏHŞƏTLİ ƏMƏL

“Dedim ki, ocaqlarında bir adam qoymayacam” - Əlisilahlı yeznədən DƏHŞƏTLİ ƏMƏL

Xaçmaz rayonunda qaynını güllələməkdə ittiham olunan 1974-cü il təvəllüdlü Fazil Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az xəbər verir ki, Fazil Quliyev Xaçmaz rayonu, Ağtala kəndindəki fərdi yaşayış evində sərxoş vəziyyətdə ailə üzvləri ilə ailə-məişət zəminində mübahisə baş verdikdən sonra qonşuluqda yaşayan qaynı, 1994-cü il təvəllüdlü Murad Allahverdiyev onun evinə gələrək ona irad bildirib.

 

Bu səbəbdən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə nəticəsində Murada “güllələyib sənin ocağını söndürərəm” deyərək evindən qovub.

Daha sonra Fazil Muraddan qisas almaq üçün onu öldürmək qərarına gəlib. Bu məqsədlə həmin gün saat 22.20-də yaşadığı evin zirzəmisində saxladığı, mərhum atasından qalmış ov tüfəngini götürüb və yaşadığı evin darvazasının qarşısına çıxıb. O, Muradın idarə etdiyi VAZ 21011 markalı avtomobilinin sükanı arxasında görüb və tüfəngi ona tərəf tuşlayaraq atəş açıb. Murada həkimlərin göstərdiyi ixtisaslı tibbi yardım nəticəsində həyatının xilas olunub.

İstintaq orqanı tərəfindən Fazil Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Telman Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Avtomobilinə iki dəfə atəş açdım”

Məhkəmədə ifadə verən Fazil Quliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki, hadisə günü Murad onun evinə gəlib və ailə probleminə görə ona ağıl öyrətməsinə görə çox əsəbiləşib: “Buna görə də axşam saat 22.15-də darvazanın qarşısına siqaret çəkmək üçün çıxdıqda Muradın avtomobilinin öz darvazasının qarşısında olduğunu gördüm. Onu cəzalandırmaq məqsədilə evin zirzəmisinə getdim. Orada saxladığım atamdan qalma ov tüfəngini götürərək küçəyə çıxdım. Tut ağacının yanında dayanaraq təxminən 35-40 metr məsafədən onun maşınına tərəf 2 dəfə atəş açdım. Polislər gələndə də tüfəngi və cibimdə olan patronları təqdim etdim. Muradı öldürmək niyyətim olmayıb. Sadəcə Muradın gəlib ondan üzr istəməyini gözləmişəm. Murad da bunu etmədiyi üçün əsəbiləşdim, onun gözünü qorxutmaq, cəzalandırmaq üçün avtomobilinə 2 dəfə atəş açdım”.

“Qohum olmuşuq”

Fazil Quliyev ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, ailə üzvləri 5 nəfərdən ibarətdir: “Arvadım evdar qadındır. Böyük qızım 1999-cu il təvəllüdlü Ayşəm Quliyeva ailə həyatı qurduqdan sonra ailəsi ilə ayrıca yaşayır. Oğlum 2001-ci il təvəllüdlüdür, heç bir yerdə işləmir, xəstədir, həqiqi hərbi xidmətdə olmayıb. Kiçik qızım 2012-ci il təvəllüdlüdür, orta məktəb şagirdidir. Özüm rəsmi heç bir yerdə işləmirəm, yaşadığım kənddə fərdi təsərrüfatla məşğul oluram. Atam vəfat etdikdən sonra onun bir ədəd 1955-ci il istehsalı olan təklüləli ov tüfəngi mənə qaldı. Tüfəngin icazə sənədi atamın adınadır. Sonradan həmin tüfəngi saxlamaq üçün öz adıma rəsmiləşdirməmişəm. Tüfəngi yaşadığım evin zirzəmisində saxlamışam. 1997-ci ildə öz həmkəndlim və qonşum Azadə ilə ailə həyatı qurmuşam. Azadənin 1 qardaşı və 5 bacısı var. Onun qardaşı Murad ilə yeznə-qayın olmaqla bərabər, həmkəndli və qohum olmuşuq”.

“Ailədaxili işimə qarışmasını qəbul etməmişəm”

Fazil Quliyevin ifadəsinə görə, Muradın atası Rəsul Allahverdiyev onun bibisi oğlu, anası Tabarkə Allahverdiyeva isə doğma əmisi qızıdır: “Spirtli içki içməyə aludəçi, tez-tez içki içib sərxoş olmuşam. Bunun üstündə dəfələrlə ailə daxili mübahisələrim, münaqişlərimiz baş verib. İstər arvadım, istərsə də qaynım Murad bunu mənə irad tutub, içki içməkdən çəkindirməyə çalışıblar. Lakin yenə də içki içməyə davam etmişəm. Qaynım Muradla aramızda başqa nəyəsə görə ədavətlərimiz, münaqişələrimiz, düşmənçiliyimiz olmayıb. Muradın həmişə ailədaxili işimə qarışmasını qəbul etməmişəm. Bu pisimə gəlib. Ən azından ona görə ki, Muraddan 20 yaş böyükəm. Muradın mənə irad tutmasını, üstümdə ağsaqqallıq etməsini özümə qəbul etməmişəm. Bu bir tərəfə qalsın, ailə işlərimə də qarışıb”.

“Oğlumu evdən qovdum”

Fazil Quliyev qeyd edib ki, oğlu Bəybala dayısı Muradla onun qayınatasının Xaçmaz rayonu, Nərəcan kəndində təzə tikilən evinin bünövrəsinin qazılması işinə köməklik etmək üçün gedib: “Evdə arvadım və azyaşlı qızım olub. Arvadım da həmin vaxt ev işləri ilə məşğul olub. Günortaya yaxın yenidən kənd dükanına getdim. 0,5 lirtlik 1 şüşə araq aldım və özüm tək evdə zalom balığı yeməyi ilə içməyə başladım. Arağın yarısını günorta içib yatdım. Axşam saat təxminən 19 radələrində yenə də özüm tək yarımçıq qalmış həmin arağı içdim. Evdə yenə də arvadım irad bildirdi, bütün günü araq içməyimə görə narazılıq etdi. Axşam arağı içərkən oğlum Bəybala artıq evdə olub. Bəybalaya buyurdum ki, gedib yumurta soyutması gətirsin, araq içəndə qəlyanaltı etsin. Mən də artıq içkili oldum, oğlumun buyruğuma baxmadığı üçün onu evdən qovdum. Arvadım ilə aramızda dava-dalaşlarımız başladı”.

“Dedim ki, hamını öldürəcəm”

Fazil Quliyevin sözlərinə görə, oğlunun onun sözünə baxmaması ona içkili olduğu üçün çox pis təsir edib: “Bir tərəfdən arvadım Azadənin içki içməyimə danışığı, bir tərəfdən oğlumun sözümə baxmaması məni təsirləndirdi. Oğlum Bəybalanı evdən qovandan bir müddət sonra dayısı Muradla bir yerdə evə gəldilər. Murad evə girərkən evin qapısının ağzında ayaq üstə durdu. Murad içəri girər-girməz mənimlə mübahisə etməyə başladı. Dedi ki, içirsən, içirsən, uşaqla nə işin var, evində bu nə sözsöhbətdir?. Mən də Murada acıqlandım ki, sənin nə işinə qalıb, uşaq mənimdir, özüm bilərəm, az mənim ailə işlərimə qarış. Bir tərəfdən də uşağımını üzümə qayıtması, qaynım Muradın üstümə gələrək böyük-böyük danışıb, mənə ağıl qoyması çox pisimə gəldi. Murada dedim ki, bir də ailə işimə qarışsan, səni güllələyəcəm, ocaqlarında bir adam qoymayacam, hamını öldürəcəm. Bu hədə-qorxudan sonra Murad tez getdi. Murada acıqlı olduğum üçün sonra çölə çıxdım. Bütün baş verənlər mənə çox pis təsir etdi”.

“Muradı öldürmək istədim”

Fazil Quliyev bildirib ki, bir az keçəndən sonra Muradın özünə məxsus olan VAZ 21011 markalı avtomobili ilə öz evlərinin qarşında dayandığını görüb: “Hələ də əsəbim soyumadığından əvvəlcədən evin zirzəmisinə düşdüm və mərhum atamdan qalma təklülə ov tüfəngini götürdüm. Bir xeyli patronlar da tüfəngin yanında olub. Lakin patronların sayını dəqiq xatırlamamışam. Təxminən saat 23 radələrində hava qaranlıq olub, tüfəngi və patronları götürərək həyətdən çölə çıxdım. Muradın avtomobilini yanında olduğunu gördüm və öldürmək məqsədi ilə tüfəngi ona tərəf tuşladım. Hazırda xatırlamadığım sayda, bir neçə dəfə ard-arda atəş açdım. Hər dəfə də boş gilizi çıxarıb, yenidən patron qoyaraq atmışam. Birinci atəş açanda Murad maşından düşüb. Həmin vaxt açdığım atəşlərdən Muradın harasına dəyibdəymədiyini bilməmişəm. Murad güllələrin ona dəyməməsi üçün qaçaraq canını qurtardı. Mən də Muradı vurmaq üçün hara gəldi atmışam. Ancaq atdığım güllələrin Murada dəyməsini həmin an bilməmişəm. Sonradan mənə məlum oldu ki, tüfənglə atdığım güllələrdən Muradın ayağına, maşınına dəyib. Murad məni o qədər hirsləndirdi ki, bir anlığına evimdə bütün olan qanqaraçılığın, söz-söhbətin səbəbkarı kimi Muradı gördüm. Ona görə də Muradı öldürmək istədim”.

Fazil Quliyevin sözlərinə görə, hər bir halda etdiyi hərəkətə görə peşman olub, səhvini başa düşüb: “Nə söz-söhbət olsa belə Muradın etdiyi bu hərəkət qohumluğa yaraşan hərəkət deyil. Səhəri gün Xaçmaz rayon polis şöbəsində olduğum vaxt eşitdim ki, Murad ayağından xəsarət alıb, Xaçmaz xəstəxanasındadır”.

Məhkəmənin hökmü ilə Fazil Quliyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Mənbə: konkret.az