“Tovuzda İŞİD-çilər” işi: hakim “Abdullah”a prokurorun tələb etdiyindən 10 il aşağı cəza kəsdi 11 NƏFƏRLİK QRUP

“Tovuzda İŞİD-çilər” işi: hakim “Abdullah”a prokurorun tələb etdiyindən 10 il aşağı cəza kəsdi 11 NƏFƏRLİK QRUP

Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror qruplaşmasına maliyyə dəstəyi göstərməkdə ittiham olunan 11 nəfərlik qrupun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bunlar Tovuz rayon sakinləridir və barələrində irəli sürülən ittihamları qəbul etmirdilər. Eləcə də onların valideyinləri günlərdir məhkəmənin qarşısında toplaşıb övladlarının günahsız olduğunu iddia edirdi.

Vurtualaz.org-un xəbərinə görə, bu günkü məhkəmə iclasında qrup üzvlərinə hökm oxunub. Hökmə görə, “Abdullah” ləqəbli Samir Qurbanov 8 il, Amin Həsənov və Əflatun Bayramov hər biri 7 il, Tehran Qasımov 5 il, digər təqsirləndirilən şəxslər isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, prokuror “Abdullah” ləqəbli Samir Qurbanovun 18 il, Amin Həsənovun 17 il,Əflatun Bayramovun 16 il, Tehran Qasımov 15 il, Babək Məmmədlinin 15 il, Cavid Amənovun 14 il, Elgün İsmayılovun 10 il, Ələddin İbişovun 9 il 6 ay, Şəhriyar Cabbarov, Orxan Qurbanov və Yusif İmanovun hər birinin 9 il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi. Hakim isə göründüyü kimi, prokurorun tələb etdiyi cəzalardan xeyli aşağı cəza müddətləri təyin edib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabacadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma), 214-1 (terroru maliyyələşdirmə) və 218.2-ci (cinayətkar birlikdə, mütəşəkkil dəstələrin birliyində iştirak) maddələri ilə ittiham olunurdular.

İ.Rafiqqızı

Virtualaz.org

 

Mənbə: virtualaz.org