"Azyaşlı körpəmi təhqir elədi" - Bacısını boşamaq istəyən yeznəsinin qanını tökdü TƏFƏRRÜAT

"Azyaşlı körpəmi təhqir elədi" - Bacısını boşamaq istəyən yeznəsinin qanını tökdü TƏFƏRRÜAT

Bacısını boşamaq istəyən yeznəsini bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb. Hadisənin hansı səbəbdən baş verməsi də məlum olub.

34 yaşlı Seymur Məlikov yeznəsi Elmir Hüseynovu bıçaqlayıb.

Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutub.

Baş verən cinayət...

Seymur Məlikov yeznəsi Elmir Hüseynovun bacısı Minəvərdən boşanmaq üçün məhkəməyə ərizə verdiyini öyrənib. Bunun səbəbləri barədə telefonda Elmirlə danışıb. Bu zaman Elmir onu nalayiq sözlərlə təhqir etdiyinə görə onun yaşadığı NZS qəsəbəsində, evlərinin yaxınlığında görüşüb. Mübahisə zamanı üzərində olan mətbəx bıçağı ilə Elmir Hüseynovun qarın nahiyəsinə bir zərbə vuraraq qaçıb.

Münaqişənin səbəbi...

Məhkəmə iclasında dindirilən Seymur Məlikov özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, bacısı Minəvər Elmirlə 2017-ci ildə rəsmi nikahla ailə qurub. Elmirin anası onun bacısı Minəvərlə yola getmədiyi üçün bacısı iki uşağı ilə birlikdə həyat yoldaşı ilə deyil, atasıgildə qalıb.

"Minəvərlə qaynanası tez-tez mübahisə edirdi. Sonuncu dəfə də qardaşım və ailəmlə Şamaxıda olanda atam zəng vuraraq Floranın Minəvəri evdən qovduğunu söylədi. Bakıya qayıtdıq və qardaşım Teymurla birlikdə Floragilə gedib Elmirlə söhbət etdik. Elmir boşanmaq istədiyini dedi. Biz Elmirin hirsli olduğu üçün belə danışdığını düşündük. Oradan çıxıb getdik. Bundan sonra Elmir və onun ailəsi ilə heç bir əlaqəmiz olmadı. Bir neçə gün sonra anam Elmirin boşanmaq üçün məhkəməyə müraciət etdiyini söylədi və Minəvər bu xəbəri eşitdikdən sonra ağladığını dedi" - deyə Seymur bildirib.

S.Məlikov vurğulayıb ki, bundan sonra əsəbləşib və Elmirə zəng vuraraq onunla görüşə gedib:

"Elmir yenə kobud danışdı. Bacımdan boşanmasının səbəbini soruşdum, lakin Elmir azyaşlı körpəmi təhqir elədi. Onu cəzalandırmaq qərarına gəldim. Evdəkilər şübhələnməsin deyə bir neçə dəqiqə ləngidim. Uşaqlarımı öpdükdən sonra mətbəxdən bıçaq götürüb evdən çıxdım. Elmirin yaşadığı evə getdim. O, çölə çıxıb yanıma gəldi. Elmirə dedim ki, bacımdan boşansa, axırı pis olacaq. Elmir məni yenə təhqir edəndə bıçağı çıxarıb ona tərəf itələdim. Dəydiyini görəndə bıçağı cibimə qoydum və evə getdim".

Seymur əlavə edib ki, evə gedəndən sonra ailəsinə baş verənləri danışıb və həyətdə oturaraq polislərin gəlməsini gözləyib. Polis əməkdaşları da gələrək onu bölməyə aparıb.

Məhkəmədəki barışıq...

Məhkəmə iclasında dindirilən zərərçəkmiş Elmir Hüseynov da Seymurun dediklərinə oxşar ifadə verib.

Bildirib ki, atası rəhmətə gedəndən sonra uşaqları ilə anasının yanına köçüb: "Anam Minəvər ilə yaşamaq istəmirdi. Ona görə də Minəvər atasıgilə getdi. Amma atamın 40 mərasiminə qədər evə gəlib-gedirdi. Bizim daha əvvəl də mübahisələrimiz olurdu. Atamın 40 mərasimindən sonra Minəvərlə yola getmədiyimi görüb ondan boşanmaq qərarına gəldim. Lakin övladımın 1 yaşı tamam olmadığı üçün məhkəmə iddianı təmin etmədi. Sonra da Seymurla aramızda bu hadisə baş verdi".

Elmir Hüseynov suallara cavab verən zaman Seymur Məlikovla barışdığını, hazırda təqsirləndirilən şəxsə qarşı iddia tələbi və şikayətinin olmadığını bildirib.

Məhkəmədə şahid qismində bıçaqlanan Elmirin anası Flora Hüseynova da dindirilib.

Deyib ki, oğlunun Minəvər ilə evlənməsini nə özü də mərhum yoldaşı istəyib. Buna səbəb isə Minəvərin aha əvvəl ailə həyatı qurması olub.

"Evlənəndən sonra ayrı yaşadılar. Münasibətlərimiz yaxşı deyildi. Yoldaşım vəfat etdikdən sonra tək yaşamayım deyə oğlum yanıma gəldi. Mən yaşlı olduğum və səs-küy pis təsir etdiyi üçün gəlinim və nəvələrimin mənimlə yaşamalarına etiraz etdim. Ona görə də uşaqlar qudamgildə qaldılar. Bir neçə gün sonra Elmir bıçaqlandı".

Məhkəmədə Seymur Məlikovun vəkili Elnur Salmanov da çıxış edib. Vəkil müdafiə çıxışında Seymur Məlikovun əməlini səmimi etiraf etməsini, peşman olmasını və tərəflər arasında barışıq olmasını diqqətə çatdırıb. Vəkil müdafiə etdiyi şəxs barəsində şərti cəza təyin edilməsini istəyib.

Məhkəmə tərəfləri dinlədikdən sonra hökmü elan edib. Hökmə əsasən S.Məlikov 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinə əsasən şərti məhkumetmə tətbiq edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Mənbə: cia.az