Uşaqlarla dolu qatarı bombalayan faşistlər - sovet mətbuatı bu hadisə barədə sona qədər susub

Uşaqlarla dolu qatarı bombalayan faşistlər - sovet mətbuatı bu hadisə barədə sona qədər susub

Faşist Almaniyasının II dünya müharibəsində törətdiyi hərbi cinayətlərin miqyası nə qədər böyükdürsə, dəhşətləri və fəsadları ondan da böyükdür. Artıq heç kimə sirr deyil ki, nasistlər heç bir yazılmış və yazılmamış müharibə qanunlarına riayət etməyiblər. III Reyxin müharibədə yalnız bir kursu, bir istiqaməti olub: dağıtmaq və məhv etmək. Hətta uşaqlara, yaşlılara, əlillərə belə güzəşt edilməyib.

Sovet-alman müharibəsi başlandıqdan sonra SSRİ-də dinc mülki əhalini qorumaq məqsədilə ilk təxliyələr 1941-ci ilin iyun ayının sonlarında başlayıb. O cümlədən Vermaxt qoşunlarının həmləsində olan Leninqradda da iyunun 29-da uşaqların daha təhlükəsiz yerə təxliyə olunması haqqında qərar çıxarılıb. Elə həmin gün valideynlər öz uşaqlarını xüsusi qatarla Novqorod istiqamətinə göndəriblər. Qatar növbəti stansiyalarda dayanaraq ətraf yaşayış məntəqələrindən gətirilən uşaqları da yığıb. Heç bir valideynə imtina cavabı verilməyib. Beləliklə, qatardakı vaqonların sayı 12-ə çatıb.

İyulun 17-də qatar Lıçkovo kəndində yerləşən stansiyaya yetişib. Yaranmış sıxlığa, uşaqların sayının 2 minə çatmasına baxmayaraq Lıçkovo stansiyası ətrafındakı qəsəbə və kəndlərdən də uşaqlar qəbul edilib. Təxliyyə edilən uşaqları müəllimlər, tərbiyəçilər və tibb işçiləri müşayiət ediblər.

Qatar Lıçkovo stansiyasında olanda Leninqrad vilayət partiya komitəsinin birinci katibi Andrey Jdanovdan göstəriş gəlib ki, Demyansk qəsəbəsindən olan uşaları da təxliyə etmək üçün qatar gözləsin. Bununla da qatar bir sutka, iyunun 18-i günorta saatlarına qədər Lıçkovoda ləngiməli olub.

Demyanskdan gətirilən uşaqlar vaqonlara yerləşdirilib. Tərbiyəçilər azyaşlı uşaqlara təlimat veriblər, özləri ilə götürdükləri ərzaq və əşyaları yerbəyer ediblər və qatarın hərəkətini gözləyiblər. Elə bu ərəfədə səmada bir qırıcı görünüb. O, stansiya üzərində iki dövrə vurduqdan sonra ərazini bombalamağa başlayıb. Birinci təyyarə stansiyaya 25 bomba atıb, sonradan səmada görünən alman təyyarələrinin atdığı bombaların sayı isə məlum deyil.

Lıçkovo stansiyası tanınmaz hala düşüb. Stansiyada olan yanacaq çənlərinin partlaması isə ətrafda daha böyük dağıntılara səbəb olub. Bombaların zərbəsindən uşaqların bədən üzvləri teleqraf xətlərinə, ağacların budaqlarına ilişib qalıb, ətrafa səpələnib.

Əvvəlcə hadisə yerinə kənd sakinləri axışıblar. Onlar çox az sayda sağ qalan yaralı uşaqları stansiyadan uzaqlaşdırıblar. Daha sonra hərbçilər stansiyaya gəliblər. Tanınmaz hala düşən uşaq meyitlərini Lıçkovo kənd qəbirstanlığında bir qəbirdə basdırıblar.

Lıçkovoda kütləvi uşaq qırğını haqqında ictimaiyyətə geniş məlumat verilməyib. Əhali arasında panika yaranmaması üçün kompartiyanın mərkəzi komitəsi hadisə ilə bağlı mətbuata məhdudiyyət qoyub.
Hadisədən xəbər tutan valideynlər isə stansiyanın ərazisinə keçmək qadağasına baxmayaraq, özlərini dağıntıların içinə atıblar. Amma heç bir valideynə öz övladını tapmaq nəsib olmayıb. Hadisə şahidlərinin söylədiklərinə görə, stansiyada faciəyə dözməyin validetnlərdən ağlını itirənlər də az olmayıb.

Hansısa səbəblərdən sovet dövründə Lıçkovo faciəsi yada salınmayıb. Yalnız yerli sakinlər tez-tez uşaqların dəfn olunduğu yeri ziyarət ediblər. Hətta həmin dövrdə uşaqların dəfn olunduğu yerə qəbirüstü abidə də qoyulmayıb.

Yalnız 2000-ci illərin əvvəllərində araşdırmaçı-jurnalist Alla Osipovanın mətbuatda davamlı çıxışlarından sonra kənd qəbirstanlığında memorial kompleks salınıb, ərazidə abadlıq işləri aparılıb.

Jurnalistin araşdırmaları nəticəsində Lıçkovo faciəsindən sağ çıxan uşaqlar da tapılıb. Ən həssas məqamlardan biri həmin uşaqların öz müəllimlərini necə dəfn etdikləri olub. Dzerjinski rayon 12 nömrəli orta məktəbin məzunu Klara Başkarova həmin faciəli dəqiqələri belə xatırlayıb:

“Mənim onda 10 yaşım var idi, üçüncü sinifi bitirmişdim. Bizi hara və nəyə görə apardıqlarını dərindən dərk etmirdim. Məktəbimizin direktoru Zoya Fyodorovna Lıçkovo stansiyasında bizi növbə ilə vaqonlardan düşürüb havaya çıxarırdı. Çox isti idi. Növbə bizə çatdı, stansiyasının 20-30 addımlığındakı ağacların altına toplaşdıq. Bu məqamda uçan təyyarə lap başımızın yaxınlığında dövrə vurmağa başladı və saniyələr keşmiş bombalar atıldı. Zoya Fyodorovna bizi meşəyə tərəf qaçırtdı və o biri uşaqları xilas etmək üçün geri qayıtdı. Hər yer yanırdı, tükürpədici səslər qulaq batırırdı. Biz meşəyə çəkildik, bir müddət keçdikdən sonra təyyarələr yoxa çıxdı. Geri dönəndə Zoya Fyodorovnanın əzilmiş meyitini tapdıq. İki yaşlı kənd sakini ilə meyiti meşəyə apardıq, dəfn etdik...”

63 ildən sonra şagirdəri Lıçkovo kəndində müəllimlərinin dəfn etdiyi yeri də tapıblar.

Kompleksin ərazisində iki yaşlı qadın da dəfn edilib. Tamara Pimenko və Timuxin Proskova hadisə zamanı yaralı uşaqları xilas etməklə yanaşı, həlak olan uşaqların əşyalarnı yığıb saxlayıblar. Onlar ömürlərinin sonuna qədər uşaqların dəfn olunduğu yerə qulluq ediblər, gül-çiçək əkib yaşıllıq salıblar.

Bu gün 2 mindən artıq uşağın alman faşistləri tərəfindən bombardman olduğu Lıçkovo kəndində kiçik bir muzey də fəaliyyət göstərir.

Musavat.com

Mənbə: ednews.net