Jurnalistlərlə birlikdə minaya düşən icra nümayəndəsi: “Ariflə Siracın nəşini səhv salmışdıq” - VİDEO

“30 ilə yaxındır ki, doğulduğum torpağa getmək arzusundayam. Mən kəndimizdən çıxanda 28 yaşım var idi”.

KONKRET.az bu sözləri iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndində jurnalistlərlə birlikdə minaya düşən, lakin sağ qalan Kamil Abdullayev APA TV-yə müsahibəsində deyib.

 

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə AzərTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

Birinci Qarabağ müharibəsinin veteranı olan müsahibimiz bildirib ki, iyunun 2-də ona zəng gəlib və bir gün sonra jurnalistlərlə birlikdə Kəlbəcərə gedəcəyi bildirilib.

“Məsləhət oldu, dedik ki, ilk öncə Susuzluq kəndinə gedib oranı çəkəcəyik. Sonra Çəpikli kəndini çəkib, Qasım binəsinə, oradan isə Yanşağa gedəcəyik. Sirac, Məhərrəm, Şöhrət sərnişin minilən yerdə oturdu.

Partlayış baş verən zaman Kamil Abdullayev təsadüfən telefonu ilə yolu çəkirmiş. Bu səbəbdən partlayış anı onun telefonunun kamerasının yaddaşına köçüb:

“Kəndə girəndə təkcə mən çəkirdim. Başqa çəkən yox idi. Getdik, biz artıq kəndin mərkəzinə girirdik. Bir ev var idi, mən istədim deyəm ki, bu həmin evdir, bu zaman partlayış baş verdi”.

Kamil Abdullayev partlayış baş verərkən əvvəlcə elə bilib ki, avtomobil vurulub:

“Ətrafa baxdım ki, görüm bizi atırlar, ya minadırmı. Bu zaman baxdım ki, Emini mina atıb sürücünün üstünə. Sürücü qışqırırdı ki, biz yanırıq. Onların qapısı açılmayıb. Üst tərəfdən gödəkçəmi çəkdim basıma. Üzərimə şüşə qırıntıları tökülürdü. Özümü itirmədən qapını açdım. Mina mən olan tərəfdən partlamışdı. Qapını açanda maşın məni tulladı. Qalxdım ki, qaçam, yenə yolun ortasına düşdüm. Yoldan minanın quyusuna düşdüm. Quyunun dərinliyi 1 metr 85 sm-dir. Ölçmüşük”.

Partlayış nəticəsində Kamil Abdullayev başından və bədəninin müxtəlif yerlərindən xəsarət alıb:

“Mən qalxanda gördüm kimsə dedi ki, Kamil, məni qoyma. Şöhrət yaxın məsafədən yerə düşdü. Amma məsafə az olduğundan, Şöhrət çox zədələnməmişdi. Əlimi açıb onun ayağından tutdum, ordan aralandım. Azca nəfəs alıb maşına doğru baxanda gördüm, baxdım Eminlə sürücü düşüb gəlib, özlərini itiriblər. Tutdum qollarından onların, dedim, bir az sakitləşin. Şokda idilər, nə baş verdiyini bilmirdilər”.

Adı çəkilən şəxslər növbəti partlayış təhlükəsindən sığortalanmaq üçün avtomobildən 5 metr aralanıblar:

“Eminlə geri qayıtdıq baxmağa. Baxan zaman yenə partlayış oldu. Yanacaq çəni partlamışdı. Emini, sürücünü, Şöhrəti maşınla hospitala yola saldıq. Sonra jurnalistlər başqa bir yolla çıxdılar. Baxdıq ki, o tərəfdə iki cəsəd var. Baxdıq göy köynəkdə olana, dedilər, bu Siracdır, o biri Məhərrəmdir. Arif yox idi. Sonradan məlum oldu ki, Sirac kənara düşüb. Ariflə Siracın nəşini səhv salmışdıq”.

Qeyd edək ki, Kamil Abdullayev Kəlbəcərin işğalından sonra Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. Hazırda Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır.

 

 

 

 

konkret.az

ƏVVƏLKİ XƏBƏR

"Minaların xəritəsini verməklə Ermənistan cinayyətini etiraf etmiş oldu" - Politoloq

SONRAKI XƏBƏR

ABŞ-da atışma: 3 ölü, 4 yaralı