Xırdalanda kişi sevgilisini döydü, sonra bağlı qapı arxasında... – Şok təfərrüat

Xırdalan şəhərində 1984-cü il təvəllüdlü Taleh qeyri-rəsmi münasibətdə yaşadığı Səbinəyə (ad şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un xəbərinə görə, Taleh 19 yanvar 2021-ci ildə saat 21 radələrində Xırdalanın Quşçuluq yaşayış massivində yerləşən evdə olan zaman Səbinə ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Taleh Səbinənin bədəninin müxtəlif nahiyələrinə yumruq-təpik zərbələri vuraraq ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Talehin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə yaşayır, heç bir yerdə işləmir: “Səbinəni təxminən 2 il müddətdir ki, tanıyıram. Münasibətlərimiz qeyri-rəsmi olsa da, ər-arvad kimi yaşamışıq. Səbinə ilə birlikdə Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində kirayə qalmışıq. Mütəmadi olaraq Səbinəni qısqandığım üçün əvvəllər aramızda sözlə bir neçə dəfə mübahisələrimiz oldu”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, yanvarın 19-da Səbinə ilə birlikdə evdə olublar: “Saat təxminən 21 radələrində Səbinə ilə aramızda yenə də qısqanclıq mövzusunda mübahisə yarandı. Səbinə məndən ayrılacağını bildirdi. Mən də bu sözdən əsəbləşdim, onun üstünə getdim. Səbinənin burnuna yumruqla zərbə vurdum, yerə yıxıldı. Daha sonra onun baş, sifət və bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla vurdum.

Həmin vaxt əsəbi olmuşam. Bir qədər keçdikdən sonra sakitləşdim. Sonra peşman oldum və Səbinədən üzr istədim”.

Talehin sözlərinə görə, səhəri gün, səhər saatlarında Səbinə evdən çıxaraq gedib: “Bir neçə gün sonra Səbinənin barəmdə şikayət etdiyini bildim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinənin sözlərinə görə, yanvarın 19-da Talehlə birlikdə evdə olublar: “Saat təxminən 21 radələrində aramızda yenə də məni qısqandığı üçün mübahisə yarandı. Talehə ondan ayrılacağımı bildirəndə əsəbləşdi, üstümə gəldi. Burnuma yumruqla vurdu. Müvazinətimi itirərək yerə yıxıldım. Başıma, sifətimə, bədənimin müxtəlif nahiyələrinə təpik və yumruq zərbələri vurdu. Daha sonra yaşadığımız evin qapısını bağladı, mənim heç bir yerə getməyəcəyimi bildirdi.

Bir neçə dəqiqə sonra Taleh sakitləşdi. Məni döydüyü üçün peşman olduğunu bildirərək üzr istədi”.

Səbinə ifadəsinin sonunda barışdıqlarını və təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirib.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılıb.

Talehin qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Rəhim Rəhimli MTV-də qadağada olan müğənnilərdən danışdı

SONRAKI XƏBƏR

İcraçı direktor: ““Media haqqında” qanun layihəsi ekspertiza mərhələsindədir”