Ağdamda mina partlaması nəticəsində ölən şəxsin meyiti ərazidən götürüldü - YENİLƏNİB + FOTO

Ağdamda mina partlaması nəticəsində ölən şəxsin meyiti ərazidən götürüldü - YENİLƏNİB + FOTO

Ağdam rayonu ərazisində minaya düşərək həlak olan şəxsin meyiti ərazidən götürülüb.

Bununla bağlı Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumata verilib.

Bildirilib ki, minaya düşərək həlak olmuş Ağdam rayon sakini Cəsarət Hətəmxanovun meyiti Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən minalarla və partlayıcı maddələrlə çirklənmiş ərazidən götürələk aidiyyəti üzrə təhvil verilib.

***

İyunun 7-də Ağdam rayon sakini 1978-ci il təvəllüdlü Cəsarət Hətəmxanovun itkin düşməsi, daha sonra iyunun 16-da Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Ağdam rayon prokurorluğu məlumat yayıb.

Aparılmış araşdırmalarla Cəsarət Hətəmxanovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib. 

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Ağdamda iyunun 8-də itkin düşən şəxsin işğaldan azad edilmiş ərazidə minaya düşərək həlak olduğu müəyyənləşib.

Oxu.Az-ın məlumatına görə, Ağdam rayonunun Seyidli kənd sakini 43 yaşlı Cəsarət Hətəmxanovun elə həmin kəndin ərazisində minaya düşdüyü bildirilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları C. Hətəmxanovun meyitini ərazidən götürmək üçün tədbirlər həyata keçirir.

Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində məzar daşlarının bərpası sexində işləyib. İşlədiyi sexdən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb. Bir müddət sonra isə o yaxınları ilə əlaqə saxlayaraq Seyidlidə olduğunu bildirib. Ondan sonra isə C. Hətəmxanovla əlaqə saxlamaq mümkün olmayıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib. İşğaldan azad olunan ərazilərdə ANAMA, DİN və Müdafiə Nazirliyinin əməkdaşları onun axtarışına cəlb olunub.

Məlumat üçün bildirək ki, C.Hətəmxanovun işğaldan azad edilmiş və minalardan təmizlənməmiş ərazilərə keçərək itkin düşdüyü ehtimal olunduğu üçün həmin ərazilərdə xüsusi olaraq axtarış tədbirləri aparılırdı. Mina təhlükəsi və çətin coğrafi relyef nəzərə alınaraq axtarışlarda dronlardan da istifadə olunurdu.

 

Mənbə: oxu.az