"Mürvət Həsənli Əli Həsənovun dəstəyilə restoranımı əlimdən aldı: Üstümə “Lotu Quli”nin adamlarını göndərmişdi" — VİDEO

Bir neçə ildir ki, sahibkar Zahid Aslanlı ona məxsus obyektin qanunsuz şəkildə əlindən alınması ilə bağlı şikayətçidir. O, yaxın tanışı olan digər sahibkar Mürvət Həsənlinin onunla iş gördüyünü, daha sonra yayımı dayandırılan “Qasid” firmasının direktor müavini Ağəli İsmayılovun əli ilə “Dan ulduzu” şadlıq sarayını qanunsuz formada əlindən aldığını iddia edir.

KONKRET.az-ın məlumatına görə, məsələ ilə bağlı demokrat.az-a açıqlama verən Zahid Aslanlı bildirib ki, sahibkar Mürvət Həsənli ona və digər şəxslərə qarşı dəfələrlə dələduzluq edib:

 

“2002-ci ildə qardaşım xəbər elədi ki, Mürvət Həsənli məni axtarır. O, qonşu kənddən olub, amma bir il eyni sinifdə oxumuşuq. Ona görə də mən Mürvətin xarakterinə bələd idim. Qardaşım mənə deyəndən sonra onun haqda bir az araşdırdım, gördüm ki, uşaq vaxtı olan xarakterini mənfi istiqamətdə bir az da artırıb. Ona görə də, dedim ki, nömrəmi ona verməsin. Bir gün Dərnəgüldə tikinti materialları satılan yerdə Mürvət təsadüfən məni gördü. Mənimlə iş görmək istəyini bildirdi, mən isə qəti etiraz etdim. Çox isrardan sonra bir dəfə onunla görüşdüm. Görüşdə Mürvət Həsənli Azərbaycanda inandığı adamın olmadığını, məni tanıdığına görə birgə iş görməyi təklif etdiyini bildirdi. Mən ona kömək edə biləcəyimi dedim. Həmin vaxt mənin torpağım vardı, ona bunu söylədim, amma şadlıq evi tikmək fikrində olmadığımı da bildirdim. O, bu sahədə təcrübəli olduğunu, şadlıq evini özünün işlədə biləcəyini dedi. Mürvət mənə dedi ki, obyekt mənim adıma olacaq. Hiss etdim ki, obyektin öz adına olmasından qorxur, çəkinir, bundan sonra bir az da ehtiyat etdim, ona istəmədiyimi bildirdim. 7-8 aydan sonra yenidən görüşüb məni razılaşdırdı. Elə yenicə bünövrəsini qoymuşduq ki, böyük mübahisəmiz oldu. O, obyektə ilkin olaraq 10 min dollar pul qoymuşdu. Həmin pulu aparıb verib, birgə iş görə bilməyəcəyimizi bildirdim. Onda o, and-aman etməyə, şirin dilini işə salmağa başladı. Söz verdi ki, bir də işə qarışmayacaq. Həqiqətən də tikinti başa çatana, iş bitənə qədər lazım olduqca pul verdi, heç bir məsələyə də qarışmadı. Hər şey hazır olduqdan sonra dedi ki, özü işlətmək istəyir. Şərtlərdə razılaşdıq, hər şeyi ona təhvil verdim, mən də ayda bir dəfə gedirdim, haqq-hesab edirdik. Bir neçə aydan sonra gördük ki, hər ay ziyanla işləyir. Az qazanc verdikcə, yenə mübahisəmiz yarandı, onda dedim ki, artıq özüm işlədəcəm”.

Z.Aslanlı deyir ki, Mürvət Həsənli ilə aralarındakı mübahisə də məhz bundan sonra başlayıb:

“Tək fevral ayında onun bir neçə ayda verdiyindən daha çox qazanc qoydum ortaya. Aydın məsələ idi ki, Mürvət haram yola əl atıb. Ona görə də, iş üçün ortaya qoyduğu pulu qaytarmaq şərti ilə onu bu işdən uzaqlaşdıracağımı dedim. O isə əksini bildirdi, dedi uzaqlaşırsa, pulunun üzərində 50 min dollar da artıq alacaq. Onun 250 minini qaytardım, qalan 50 mini isə bir il müddətində qaytaracağıma razılaşdıq. O, yeni obyekt alanda mənə zəng elədi ki, həmin pulu bu dəqiqə gətir. Onun o sözü yenidən aramızda mübahisəyə səbəb oldu. Mən ona pulu həmin gün qaytara bilməyəcəyimi deyəndə o, mənim üzərimə Azərbaycanın kriminal adamlarını göndərdi. Konkret olaraq “Lotu Quli”nin adamları mənim obyektimə gəldilər, dedilər ki, onları Mürvət Həsənli göndərib və pul məsələsini həll etməyə gəliblər.

Etiraf edim ki, onda Mürvətlə bağlı nalayiq ifadələr səsləndirdim, onlar da dedilər ki, guya mən onun pulunu qəsdən qaytarmıram. Qarşılıqlı şəkildə bildirdik ki, onunla aramızda görüş olmalıdır. Nömrəmi aldılar, bir müddət sonra zəng edib görüşə çağırdılar. Görüşdə kimlərin olacağını bilmirdim, mən də balaca qardaşımla getdim. Dedikləri yerdə 12 nəfər vardı, amma Mürvət özü yox idi. Yəqin düşünüb ki, mən ora polislə gedəcəm, ona problem yardacam, ona görə bir az sonra gəldi. Görüşdə danışıb aydınlaşdırdıq ki, o pulu həmin vaxt məndən əsassız istəyirlər, pulu həmin gün almadılar məndən. Həmin görüşdə də “Lotu Quli”nin adamları var idi. “Lotu Quli” özü həbsdə idi, amma onunla da danışdırdılar. O, mənə jest etdi, dedi ki, pulun bir hissəsindən keçirlər, qalan 30 minini də hissə-hissə verməyim üçün razılaşdıq. Pul da Mürvətə yox, onlara çatacaqdı. Veriləcək pulu bir neçə hissəyə bölüb “Lotu Quli”nin adamlarına verdim. Məsələ də bununla bağlandı. Zaman keçdikcə də Mürvətlə əlaqələrimi tam kəsdim”.

İş adamının sözlərinə görə, bu məsələnin üzərindən illər keçsə də, Mürvət Həsənli obyekti ondan almaq üçün plan qurub və bu planı onun ən yaxınlarından biri ilə həyata keçirib:

“7-8 il sonra mənim ən yaxın dostum olan “Qasid” mətbuat yayımı firmasının direktor müavini İsmayılov Ağəli ilə sözləşdilər. O, mənə dedi ki, “Qasid” bağlanıb, amma əlində müəyyən məbləğ var, restoran tikmək istəyir. Mən də ona kömək edəcəyimi dedim. Bir müddət obyekt axtarandan sonra mənə dedi ki, mənim restoranıma ortaq olmaq istəyir. Ona da Mürvətlə olan işimi xatırlatdım, artıq kimləsə şərik olmaq istəmədiyimi dedim. Bir az israr etdi, dedi 1 milyon 800 min dollar pulu var. Biz onunla aramızda sənəd hazırladıq, obyektə 4 milyon dollar qiymət qoyduq. Razılaşdıq ki, qazanc şərikli olacaq, amma gələcəkdə obyekt satılsa, 1 milyon 100 min onun, qalan hissəsi mənim olacaq. İkimiz də həmin sənədi imzaladıq, alqı-satqı işləri də yekunlaşdı. Obyektin 50 faizini onun adına keçirdim. Bir müddət sonra – 2013-cü ildə Ağəli mənə təklif etdi ki, 1 milyon da verib, restoranı öz adına keçirsin. Onda elə Mürvətin dediyi söz ağlıma gəldi. Ondan soruşdum ki, ola bilərmi bu ideyanı sənə Mürvət verib? Ağəli İsmayılov inkar etdi. Araşdırdım, bəlli oldu ki, həqiqətən onu mənimlə şərik olmaq üçün Mürvət Həsənli təhrik edib, bütün şərtləri də o deyib. Onunla şərikli cəmi 3 ay işləyə bildik. Dedi ki, qış aylarında toy olmur, pul götürə bilmir. Təklif etdi ki, gəlsin həyat yoldaşı işlətsin. Uzun söhbətdən sonra razılaşdım, amma hələ də etiraf etməmişdi ki, bütün bunları ona etdirən Mürvətdir. Həyat yoldaşı bir ay gəlib işlədi, xınayaxdı mərasimləri təşkil etdi, bütün xərcləri də mən qarşıladım. Bir ay sonra həmin xanım qeyri-etik hərəkətlər etməyə, sözlər işlətməyə başladı. Dedi ki, orda şərikdir, istədiyini edə bilər. Görürdüm ki, dava çıxarmağa çalışırlar. Həmin xanımı ordan qovdum, axşam da Ağəli gəlib pulunu istədi”.

Zahid Aslanlı vurğulayıb ki, Ağaəli İsmayılov Mürvət Həsənlinin göstərişi ilə “Dan ulduzu” restoranını ondan almaq üçün bütün mümkün variantları sınayıb:

“Hər dəfə söhbətdən qaçdı, gah pulunu almağa gəlmədi, gah artıq pul istədi. Sonra dedi ki, həmin adına olan hissəni mənə satmaq istəyir, ona da razılaşdım, amma yenə gəlmədi ki, yoldaşım razılıq vermir. Deməli, bunlar Mürvətlə məsləhətləşib, razılaşıblar ki, nə olur olsun o restoranı məndən alsınlar. Ağəliyə başqa obyekt də təklif etdim, yenə razılaşmadı. Ancaq pulunu istədi, axırda özü bank tapdı, getdik danışdıq, obyekti adıma qaytarıb, mən də girova qoyub onun pulunu qaytaracaqdım. Ona 3 milyonluq evimi də təklif etdim, dedim girova qoyum, 3 ay müddətində pulunu qaytarım. Bu təkliflə də razılaşmadı. O, bütün hüquq-mühafizə orqanlarına şikəyət etdi, bütün şikayətlərin də arxasında Mürvət Həsənli dururdu. Hətta “Banditizm”ə də şikayət edib. Mən bütün sənədləri, razılaşmaları həmin quruma təqdim etdim, bildirdim ki, mənim sözüm bəllidir, hansı təklifi deyir, gəlsin imza çəkək, amma bu məsələni həll edin. Ağəlini də çağırıb, təklifi edəndə, dedi ki, guya eynəyi maşında qalıb, gedib onu götürsün. Sonra dedi ki, gedib məsləhətləşim gəlim. Nəticə olaraq, heç bir təkliflə razılaşmadı, pula da yaxın gəlmədi. Məcbur qalıb ondan Sabunçu rayon məhkəməsinə şikayət etdim. Məhkəmədə də qərar çıxdı ki, bu adama 1 milyon 750 min dollar verilməlidir. Bu qərar çıxan ərəfədə Mürvətlə birlikdə Nizami rayon məhkəməsinə şikayət etdilər, iddia qaldırdılar ki, aya 250 min dollar qazanc istəyirlər”.

Zahid Aslanlı Mürvət Həsənlinin yaxın əlaqələri sayəsində məhkəmədə sifarişli qərarın çıxdığını iddia edir:

“Guya mən onu bir neçə ay əvvəldən çıxarmışam, pulunu da verməmişəm. Məhkəmə dövlət qurumu adına yaraşmayan, sifarişli qərar çıxardı. 1 milyon dollar və faiz tutulub, Ağəliyə ödənilməsinə qərar verdi. Məhkəmə qərarından apellyasiya şikayəti də yazdım. Məhkəmədən sonra hakim Rauf Əhmədova zəng edib soruşdum ki, bu nə qərardır, belə ədalətsiz qərarı necə verə bilərsiniz? Mənə bildirdi ki, onluq deyil, qərarı Mürvət birbaşa sədrdən xahiş edib. Şikayətimdə də hakimin qanunsuz qərar verdiklərini qeyd etmişəm. Apellyasiya zamanı sədr mənim haqqlı olduğumu görüb, tərəfi Nizami rayon məhkəməsinə çağırıb, vəsatətin əlavəsini qələmlə yazdırdı ki, məndən 1 milyon dollar alınıb İsmayılov Ağəliyə verilsin, o da “Dan ulduzu” MMC-dən çıxarılsın. Amma bu, qətnamədə yox idi. Apellyasiya məhəkəməsinin hakiminin qanunsuz qərar çıxardığını prokurorluğa sənədlə təqdim etdim, amma həmin iş ortada itdi-batdı. Sonda isə daha maraqlı məqam ortaya çıxdı. Ağəli mənə bildirdi ki, məhəkəmələr 400 mindən çox pul xərcləyib və 1 milyondan əlavə bu pulu da ona verməliyəm. Bundan əvvəl isə o, mənim qohumuma həmin pulu ona Mürvət Həsənlinin verdiyini deyib, Mürvət də indi onu sıxır ki, pulu qaytar. Mən də ona bildirdim ki, həmin pulu kimdən alırsan, al, mən sənə əlavə pul verməyəcəm. İcra məhkəməsində cavabdeh məni göstərirlər. Mürvət icra və qiymətləndirmə məhkəməsi zamanı hakimlə əlaqə qurur. Nəticədə, qanunsuz şəkildə həmin obyektin həbsi olmaya-olmaya satışa çıxarılır, 2 milyon yarım qiymət qoyulur, 4 dəfə hərrac keçirilir və satılır. Hələ də məhkəmə prosesi davam edir. Faktiki olaraq, “Dan ulduzu” qanunsuz şəkildə əlimdən alındı. Hazırda obyekt İsmayılov Ağəlinin adınadır”.

Bütün məhkəmə proseslərinin arxasında Mürvət Həsənlinin olduğunu iddia edən Zahid Aslanlı bununla bağlı əlində konkret faktların olduğunu da deyib:

“Məhkəmə çıxarışı alınan kimi Mürvətin adamı Fətəliyev Bəxtiyarın adına icarə müqaviləsi bağlanılır. Yəni, birbaşa sübut olundu ki, məsələnin arxasında durn Mürvət Həsənli olub və bunun üçün 12 il mübarizə aparıb. İnana bilməzdim ki, Ağəli mənə qarşı belə hərəkət edə bilər. Mürvət Həsənli bu günə qədər mənə 3 milyon dollar ziyan vurub. Bununla da bitməyib, məni yenidən məhkəməyə verdilər, həm obyekti boşaltmaq üçün, həm də iarəyə verildiyi üçün ayda 20 min pul istəyirdilər. Məhkəmə o iddianı rədd etdi. İş apellyasiya mərhələsindədir.

Mürvət Həsənli ölkədə olan iş adamlarını müxtəlif yolla, qanunsuz şəkildə öz yanına çəkdirir, müflis etdirir. Bu cür onlarla adam tanıyıram. Bu adamın əsas məqsədi insanlara pislik etməkdir. Onun arxasında da Əli Həsənovdur. Mənə dəfələrlə deyilib ki, o, Mürvətin məkanında banketlər keçirir. Mürvət Həsənli heç vaxt mənə zəng etməyib, dolayı yolla söz göndərib. Ağəli ilə işləməyə başlayarkən mənə bildirdi ki, metroların qarşısında yeni köşklər qurulur, o da Əli Həsənova məxsusdur və biri 1 milyon dollara satılır. Mən ondan Əli Həsənovla əlaqəsini soruşanda,konkret cavab verə bilmədi. Mən başa düşdüyüm qədərilə onları elə Mürvət Həsənli tanış edib. Məhkəmələrdə əleyhimə qanunsuz qərarların verilməsinin arxasında da Mürvət Həsənli-Əli Həsənov dayanır. Əli Həsənov vəzifədən gedənə qədər Mürvət hər dəfə ona təşəkkür edirdi, indi isə adını çəkmir. Yuxarı səviyyədə bu işə göstəriş verilməsə, heç bir hakim belə ciddi səhv edib, məhkəmə qərarına əlavəni adi qələmlə yazmaz.

Hazırda məhkəminin son qətnaməsini gözləyirik. Yəqin ki, Avropa Məhkəməsinə də müraciət edəcəyik. Cənab Prezident İlham Əliyevə və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmişəm. Ümid edirəm ki, onların müdaxiləsindən sonra haqq-ədalət öz yerini tapacaq”.

Yazıda adı keçən ittihamlarla bağlı Ağəli İsmayılovun mövqeyini öyrənməyə çalışdıq. O, Demokrat.az-a açıqlamasında məsələylə bağlı danışmaq istəmədiyini bildirib:

“Bu məsələylə bağlı fikir bildirmək istəmirəm. Nə deyir, yazır, özü bilər. Onunla qarşılaşmaq, üz-üzə gəlmək, danışmaq istəmirəm. Bu barədə heç bir sözüm yoxdur”.

Ağəli İsmayılovun vəkili Bəhruz Bayramov isə açıqlamasında bu iddiaların yalan olduğunu, Zahid Aslanlının pulu qaytarmadığını söyləyib:

“Əvvəla, “Dan ulduzu” restoranına şərik olmaq üçün Ağəli İsmayılov hər şeyi satdı, Zahid Aslanlı gəlirə də ortaq olacaqlarını bildirib, amma həmin müddətdə bir dəfə də olsa, qazanc verməyib. 2013-2016-cı illərdə Ağəli İsmayılov qarşı tərəfdən pulunu verməsini, artıq şərik olmaq istəmədiyini bildirib. Zahid Aslanlı onun bu tələbini yerinə yetirmədiyinə görə, 2015-ci ilin dekabrında ondan məhkəməyə şikayət etmişik. Məhkəmə qərar çıxardı ki, qarşı tərəf 1 milyon 70 min dollar ödəməlidir, lakin o, bu məbləği də ödəmədi. Buna görə də, iş icraya getdi. İcra şöbəsi də “Dan ulduzu”nu hərraca çıxardı. 6 il ərzində pulumuzu ala bilmədiyimizə görə, hərracda məcburən obyekti götürməli oluruq. Obyekt bizim adımıza keçdikdən sonra boşaldılması barədə qərar çıxır. Amma Z.Aslanlı iki ildir ayrı-ayrı məhkəmələrə müraciət edərək, işi yubadır, obyekti boşaltmır. Mülkiyyətçi bizik, 6 ildir məhkəmələrdəyik. Nə pulu qaytardı, nə idarəçiliyə verdi. Məhkəmədə 30-a yaxın bizim lehimizə qərar çıxarıb, amma o, bu qərara tabe olmur”.

Vəkil məsələdə adıçəkilən Mürvət Həsənlinin bu işlə əlaqəsinin olmadığını da vurğulayıb:

“Bu işdə fərqli şəxslərin adının çəkilməsi mənasızdır. Nə Mürvət Həsənlinin, nə də digər şəxslərin bu işə əlaqəsi yoxdur. Biz Zahid Aslanlıdan qanuni şəkildə almalı olduğumuz pulu tələb etdik. Bizim onun şadlıq evini almaq fikrimiz yox idi. Məcburiyyət qarşısında qalıb almalı olduq”.

 

 

 

konkret.az

ƏVVƏLKİ XƏBƏR

İranın yeni seçilmiş prezidenti Baydenlə görüşmək niyyətində deyil

SONRAKI XƏBƏR

Köçəryan elan etdi: Sabah saat 11:00-da...