Xırdalanda gül mağazasında qadınlar arasında kütləvi dava – Təfərrüat

Xırdalanda gül mağazasında qadınlar arasında kütləvi dava – Təfərrüat

Tovuz rayon sakini, 1983-cü il təvəllüdlü Nüşabə Xırdalan şəhərində Bahar adlı qadını döyüb.

Teleqraf.com-un xəbərinə görə, Nüşabə 28 iyun 2020-ci ildə saat 21 radələrində Xırdalandakı “Kristal-Abşeron 1” yaşayış kompleksində “Bahar-Çiçəyim” adlı gül mağazasının qarşısında müştərilərin toplaşdığı yerdə Baharın onun qızını vurmasını bəhanə gətirib, onunla mübahisə edib.

Daha sonra o, yumruqla Bahara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Nüşabənin barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Nüşabə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “Kristal Abşeron 1” yaşayış kompleksində ailəsi ilə birlikdə yaşayır: “İyulun 28-də təxminən saat 18 radələrində bacım Qərənfillə Xırdalan şəhərinə qohumlarımıza qonaq getdik. Qohumumgildə olarkən ərim Vüsal zəng vuraraq qızım Təranənin harada olmasını soruşdu. Qızıma zəng vurdum və harada olduğunu soruşdum. Bu vaxt qızımın yaxınlığında səs-küy eşitdim. Ondan səs-küyün nə olduğunu soruşdum, Baharın onu vurduğunu dedi. Ona evə getməyi xahiş etdim”.

Nüşabənin sözlərinə görə, təxminən saat 21 radələrində bacısı Qərənfillə birlikdə qohumlarının evindən çıxaraq öz evinə gələrkən qızı Təranəyə zəng vurub: “Qızıma dedim ki, Baharın işlədiyi mağazanın qarşısına gəl, səni hansı səbəbə vurmağını soruşacam. Bacım Qərənfillə Baharın bacısı Lalənin işlətdiyi “Bahar Çiçəyim” adlı mağazanın qarşısına gəldik.

Mağazanın qarşısında qızım Təranə, İlahə, bacım Qərənfilin qızı Türkan və qardaşım Namiqin arvadı Gül də vardı. Laləni mağazadan çölə çağırdım və bacısı Baharı soruşdum. Həmin vaxtı Lalənin anası Leyla arxadan gələrək mağazanın qabağından bizim getməyimizi bildirdi”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan sonra mağazaya keçmək və Baharı axtararaq tapmaq istəyib: “Lalə və adını bilmədiyim işçisi bizi mağazaya buraxmadı. Həmin vaxtı Bahar əlləri ilə bel nahiyəmdən vurdu, mağazadan kənara getdi. Yaxınlaşıb Baharın sağ gözündən vurdum.

Baharı mühafizəçilər kənara apardılar. Onun anası Leyla arxadan əlləri ilə baş nahiyəmdən vurdu. Orada olan adamlar bizi sakitləşdirdilər. Həmin yerdən çıxaraq evə getdik. Zərərçəkmiş şəxslərlə barışmışam. Əməlimdən peşmançılıq çəkirəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Bahar bildirib ki, “Kristal-Abşeron 1” yaşayış kompleksində ailəsi ilə birlikdə yaşayır: “İyunun 28-də təxminən saat 18 radələrində Nüşabənin qızı Təranə bacıma məxsus “Bahar Çiçəyim” adlı mağazanın qarşısında bacım Laləni nalayiq ifadələrlə təhqir etdi. Təranəyə hansı səbəbə görə bacımı söydüyünü soruşdum.

Təranə məni də pis söyüşlərlə təhqir etməyə başladı və əlində olan “Hell” butulkasını mənə tərəf atdı. Mən də Təranəni əlimlə itələdim”.

Baharın sözlərinə görə, təxminən saat 21 radələrində işlətdiyi “Pepee” mağazasının qarşısında olarkən Nüşabə, Nüşabənin bacısı Qərənfil, Qərənfilin adını bilmədiyi və video görünüşlərdə yaşıl paltarlı olan qızı, Nüşabənin qızı İlahə və Təranə, Nüşabənin qardaşı Namiqin adını bilmədiyi arvadı bacısının işlətdiyi “Bahar Çiçəyim” adlı mağazasının qarşısına gələrək onu təhqir ediblər: “Nüşabənin bacısı Qərənfilin qızı mağazanın içərisinə girərək oyuncaqları sındırdı, bacım Laləni təpiklə ayağından vurdu. Lalə də yerə yıxılanda belini təpiklədi”.

Bahar qeyd edib ki, bundan sonra onların hamısı, yəni Nüşabə, Nüşabənin qızı Təranə və İlahə, Qərənfil, Qərənfilin qızı və Nüşabənin qardaşı Namiqin arvadı bacısının mağazasının qarşısında çıxaraq onun tərəfə gəliblər: “Nüşabə mənə yaxınlaşaraq yumruqla sağ gözümdən vurdu. Orada tanımadığım şəxs bizi araladı. Daha sonra özümdə olmadığım üçün heç nə xatırlamadım”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə araşdırılıb.

Nüşabə 1000 manat miqdarında cərimə olunub.

Mənbə: teleqraf.com