Anomal istilərdən necə qorunmaq olar?

Anomal istilərdən necə qorunmaq olar?

Yay mövsümünün isti keçməsilə əlaqədar vətəndaşlar arasında günvurma və istivurma hallarının artımı müşahidə olunmaqdadır. Rəsmi məlumata görə, yaxın günlərdə ölkədə ən yüksk temperator müşahidə olunacaq. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 22-də hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu isə gecə 23-26 dərəcə, gündüz 35-41 dərəcə isti təşkil edəcək. Həftənin sonunadək ölkə ərazisində anomal isti hava şəraitinin davam edəcəyi gözlənilir. Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 40-41 dərəcəyə, aran rayonlarında və Naxçıvan MR-də 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Departamentin tibbi-meteoroloji proqnozuna əsasən, Bakıda və Abşeron yarımadasında həftənin sonunadək davam edəcək kəskin istilər, xüsusilə günorta saatlarında əhali üçün əlverişsizdir. Günün qızmar vaxtında açıq havada olmaq məsləhət görülmür. Mövcud qanunvericiliyə görə, havanın temperaturu 41 dərəcəni aşırsa, açıq havada bütün işlər dayandırılmalıdır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Məhərrəm Məhərov bildirib ki, belə şəraitdə işə ya fasilə verilməli, ya da iş tamamilə dayandırılmalıdır: "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, soyuq və isti hava şəraitində fasilələr verilməli və ya iş dayandırılmalıdır. Əgər işə 2-3 saat fasilə verilirsə bu, işçinin əməkhaqqına heç bir təsir etmir. Ancaq iş dayandırıldıqda boş dayanma kimi işçilərə əməkhaqqının 2/3 hissəsindən az olmayaraq ödəniş edilməlidir". M.Məhərov onu da bildirib ki, kölgədə aparılan iş davam etdirilməlidir. Belə yerlərdə fasilə və ya işin dayandırılması tələb olunmur: "İş əsasən temperaturun 41 dərəcədən artıq olduğu açıq havada aparılırsa, dayandırılmalıdır". Bu qaydalara nəzarət mexanizminə gəlincə, rəis müavini bildirib ki, bununla bağlı hər il sahibkarlara xəbərdarlıqlar edilir: "Düzdür, tikinti aparılan bütün obyektlərə eyni zamanda nəzarət etmək mümkün deyil, ancaq bacardığımız qədər çox obyektlərə nəzarət etməyə çalışırıq. Hələlik Azərbaycanda hidrometeoroloqlar tərəfindən 41 dərəcədən artıq istinin olacağı haqda xəbərdarlıq olunmayıb. Olunarsa, bu sahədə hökmən ciddi nəzarət tətbiq ediləcək". Rəis müavini bu cür neqativ hallar üçün tətbiq edilən cərimələrdən də danışıb: "İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə əsasən, işçilər üçün normal iş şəraiti yaradılmalıdır. Bunu nəzərə almayan tikinti sahibkarlarını 1000 manatdan 2000 manata qədər cərimə gözləyir".

Lakin bütün sadalananlara baxmayaraq günün çox hissəsini çimərlikdə qızmar günəş şüaları altında keçirmə, fasiləsiz günəş altında fiziki işlə məşğul olma kimi məsələlər insanları gün və isti vurma təhlükəsilə üz-üzə qoyur. Nəzərə almaq lazımdır ki, qızmar günəş şüaları ən çox yaşlılar, uşaqlar və xəstələr üçün təhlükədir. Şübhəsiz ki, belə hallar insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir və ən çox da uşaqlar, kök insanlar, ürək-damar və endokrin xəstəliklərindən əziyyət çəkənlər məruz qalır. Bu zaman beynin qan damarları genişlənir və beyinə güclü qan axını baş verir. Bəzən xırda beyin qan damarlarının qırılması da baş verir. Bütün bunlar isə mərkəzi və periferik sinir sisteminin pozulmasına gətirib çıxarır. Bəs, ahomal istilərdən necə qoruna bilərik? Məlumat üçün qeyd edək ki, günvurmanın əsas səbəbləri - başın örtüksüz, bədənin açıq və qorunma olmadan günəş şüası qəbul etməsidir. Gün vurmaya bürkülü və küləksiz hava, çimərliklərdə spirtli içkilərin qəbulu, həddən artıq yemək, gün şüası qəbul edən zaman yatmaq səbəb olur. Gün vurmanın əsas əlamətləri - qızarmış sifət, dəhşətli baş ağrısı və başgicəllənməsidir. Bu əlamətlərdən sonra gözlərə qaranlıq çökməsi, ürək bulanması və müəyyən hallarda isə qusma baş verir. Bəzən burundan qan axması və görmə qabiliyyətinin pozulması da olur. Yardım göstərilmədikdə, xəsarət alan huşunu itirir, təngnəfəs olur, nəbzi sürətlənir, ürək fəaliyyəti pozulur. Gün vurma dəri yanması ilə də müşahidə olunur, dəridə qızartı, suluq və sair kimi özünü göstərir. Yay fəslinin qızmar günlərinin hələ qarşıda olduğunu nəzərə alsaq, günvurma hallarının sayının artacağı istisna edilmir. Onu da nəzərə alaq ki, bu səbədən müraciət edənlərin əksəriyyətini orta yaşlı insanlar təşkil edib. Odur ki, isti günlərdə insanlar ən çox kölgəli yerlərdə olmağa, sərin su içməyə üstünlük verməlidir. Lakin unutmaq lazım deyil ki, hər şey qədərində olmalıdır. Həkim-mütəxəssis Tahir Hüseynov deyir ki, isti havalarda ən çox azyaşlılar və qocalar əziyyət çəkir: "Ona görə də çalışmaq lazımdır ki, ifrat dərəcədə müşahidə olunan istidən kənar duraq. Çimərlik mövsümünü də nəzərə alaraq tövsiyə edərdim ki, insanlar səhər saat 11-dən axşam 5-ə kimi dənizə getməsinlər. Çünki həmin müddət ərzində günəş şüaları altında az durmaq lazımdır". Onun sözlərinə görə, əhalinin belə təhlükələrdən müdafiəsi məqsədilə məlumatlandırma işi mühüm əhəmiyyət kəsb edir.

Bəs günvurma hansı fəsadlarla müşahidə olunur? Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin məlumatına görə, istivurma və günvurma xarici istilik amillərinin təsiri nəticəsində orqanizmdə yaranmış patoloji vəziyyətdir. Bu patoloji vəziyyət özünü bədən hərarətinin artması, mərkəzi sinir sistemi, qan dövranı, tənəffüs sisteminin və su-elektrolit balansının pozulması şəklində biruzə verir. İstivurma və günvurma halları xüsusi iqlim şaraitində, yəni havanın temperaturu müsbət 370C-dən yüksək olduğu hallarda baş verir. İstivurma uzun müddət isti hava və ya infraqırmızı şüalanmanın təsirindən orqanizmdə baş verən patoloji haldır. İstivurma isti sexlərdə, hamam, saunalarda və s. uzun müddət qaldıqda baş verir. Günvurma isə zərərçəkənin baş nahiyəsi uzun müddət birbaşa intensiv günəş şüaları ilə kontaktda olduqda baş verir. Yəni, uzun müddət çimərlikdə günəş vannası qəbulu zamanı və ya açıq çöl-səhra şəraitində tikinti işlərində işləmə zamanı və s. olur. İstivurma və günvurma zamanı patoloji proses həmçinin, tər buraxmayan isti geyim, atmosfer havasının nisbi rütubətliyin normadan yüksək olması, alkoqol sərxoşluğu, yorğunluq, piylənmə, az maye qəbulu, keçirilmiş kəllə-beyin travması, ürək-qan dövranı çatışmazlığı, dehidratasiya, qara ciyər, mədəaltı vəzi, endokrin xəstəlikləri zamanı daha da dərinləşir. Uşaqlarda və qocalarda istivurma (günvurma) xüsusilə ağır keçir. Patogenetik cəhətdən bu vəziyyəti orqanizmdə istilikəmələgəlmə və istilikvermə balansının pozulması ilə izah etmək olar. Bu zaman oksidləşmə-fosforlaşma reaksiyalarında iştirak edən fermentlərin blokadası nəticəsində toxuma hipoksiyası və həyati vacib orqanların (beyin, tənəffüs və ürək-qan dövranı sistemi) ödemi-şişkinləşməsi baş verir. Nəticədə tər ifrazı artır və tənəffüs yollarıyla buxarlanma (maye itkisi) sürətlənir, orqanizmdə su-elektrolit balansı pozulur və susuzlaşma inkişaf edir. Bu patoloji vəziyyətin ağırlıq dərəcəsi diareya, çox tərləmə, su qəbulu rejiminin pozulmasından da asılıdır. Əgər maye qəbulu lazımi qədər deyilsə, hipertonik dehidratasiya inkişaf edir. Bu hal üçün susuzluq, sinir oyanıqlığının artması, sayıqlama, hallüsinasiya, ərtaflarda tremor (əsmə), qıcolma xarakterikdir. Yaxud istivurma (günvurma) diareya ilə birgə baş verərsə, bu zaman hipotonik dehidratasiya inkişaf edir. Bu, daha ağır hal olur, şok və ya koma ilə nəticələnir. Bədən temperaturu 420-430C-dən yüksək olarsa, ölüm baş verir.

Rəsmi məlumatda qeyd edilir ki, istivurma ifliclə nəticələnə bilər. Xatırladılır ki, istivurmanın (günvurma) üç forması var: asfiksiyalı; paralitik; psixopatik. Asfiksiyalı formada xəstədə tənəffüs və damar-hərəki mərkəzin fəaliyyətinin zəifləməsi ön planda olur. Tipik akrosianoz, koma əlamətləri, apnoe, asistoliya əlamətləri ola bilər. Paralitik forma üçün ara vermədən baş verən qıcolmalarla müşahidə olunan koma xarakterikdir. Sonradan bu vəziyyət ürək və tənəffüsün dayanmasına keçir. Psixopatik forma çox vaxt isti müəssisə və gün altında olmaqdan 5-6 saat sonra baş verir. Huşun pozulması (sayıqlama və hallisünasiya) çox vaxt qıcolma və ifliclə müşayiət olunur. İstivurmanın (günvurma) diaqnozu sadədir. İlk növbədə proqnostik cəhətdən xəstənin vəziyyəti qiymətləndirilməlidir ki, ilkin təcili və təxirəsalınmaz tibbi yardıma başlansın. Daha sonra isə su-elektrolit balansının pozulma dərəcəsinə görə infuzionterapiya və ya maye rejiminin korreksiyası aparılır. Proqnostik cəhətdən aşağıdakı simptomlar təhlükəli hesab olunur: tər ifrazının kəsilməsi, dəri temperaturunun artması, əllə toxunduqda dərinin isti və quru olması, huşun itməsi, tənəffüs və nəbzin tezləşməsi. Yüngül dərəcəli istivurma (günvurma) zamanı xəstə ambulator müalicə alır. Orta ağır dərəcəli istivurma (günvurma) zamanı əgər ilkin yardım tam edilibsə, xəstəni evdə poliklinika nəzarəti ilə saxlamaq olar. Əgər bir saat ərzində vəziyyəti pisləşirsə, xəstə stasionara hospitalizasiya olunur. Əgər istivurma (günvurma) diareya ilə müşayiət olunursa, yəni hipotonik dehidratasiyadırsa, xəstə mütləq şəkildə stasionar müalicəyə cəlb olunmalıdır. Xəstə xərəkdə uzanmış vəziyyətdə hospitalizasiya olunur. Təcili və təxirəsalınmaz tibbi yardım istivurma (günvurma) dərəcəsindən asılı olaraq aparılır. Əgər xəstədə yüngül dərəcəli istivurmadırsa (günvurma), onda xəstə ilk növbədə kölgə və ya sərin bir yerə aparılmalıdır. Sərin yer dedikdə havanın hərarəti 180-200C daxilində olan mühit nəzərdə tutulur. İlk əvvəl xəstə üst geyimindən azad olunur, ona sərin su içirdilir, başa sərin kompress qoyulur, soyuq suda isladılmış mələfəyə bürüdülür. İstivurma (günvurma) orta ağır dərəcədədirsə, xəstənin fiziki yolla hərarətini salmaqla yanaşı medikamentoz yardım da olunmalıdır. Venadaxili aminazin və ya droperidolla analgin kombinasiya şəklində vurulur. Venadaxili damcı şəklində 10%-li qlükoza, natrium xloridin izotonik məhlulu köçürülür. Xəstəyə meyvə şirələri və bol maye qəbulu məsləhət görülür (2 x/q şəkər, 0,5 ç/q duz, 0,5 ç/q soda 1 litr suda həll edilib xəstəyə içirdilir). Susuzluq, yanğı hissi itənə və sutkalıq diurez bərpa olana qədər tibbi yardım davam etdirilir. Ağır dərəcədə oksigenoterapiya, fiziki soyutma (dəri daim soyuq mələfəylə silinir) aparılır. Baş və qasıq nahiyəsinə buz yastıqcığı qoyulur. Əgər bədən temperaturu 38,50C-dən aşağı olarsa, fiziki soyutma dayandırılır. Əgər qıcolma baş verərsə vena daxilinə relanium və ya natriumksibutirat köçürülür. Həmçinin, infuzion terapiya (duz məhlulları) aparılır. Hemodinamikanı bərpa etmək məqsədi ilə qlükokortikkoidlərdən (120-150 mq prednizalon) istifadə edilir. Əgər xəstədə qan dövranı və tənəffüs bərpa olunmursa traxeya intubasiyası aparılır və xəstə süni tənəffüs aparatına qoşulur. Mütəxəssislər tövsiyyə edir ki, gün vurmanın ilkin əlamətləri qeyd edilən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır: "Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoyun. Bu zaman əl və ayaqlara xardal kağızı da qoymaq olar. Daha bir üsul - paltarını soyundurub zərərçəkəni soyuq suda isladılmış parçaya bükün, başına buz qoyun. Zərərçəkənin temperaturu normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükün".

 

Nurlan

Mənbə: olaylar.az